×
A
A
A
Sazlamalar

Antalyada Gəncə terroruna etiraz olaraq aksiya keçirilib

Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Xalqlar Dostluğu Dərnəyinin təşkilatçılığı ilə Azərbaycanın dinc əhalisinə qarşı Ermənistanın törətdiyi terror aktını qınamaq üçün Antalyada etiraz aksiyası və avtoyürüş təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, yürüşdən əvvəl Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, Gəncə terroru zamanı həlak olanların xatirəsi yad edilib.
Aksiyada soydaşlarımız, yerli və xarici qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də siyasi partiya təmsilçiləri və jurnalistlər iştirak ediblər.
Dərnəyin İdarə Heyətinin sədri, hüquqşünas Lalə Həsənova tədbirdə çıxış edərək illərdir Ermənistanın işğalı altında qalan torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və şanlı Azərbaycan Ordusunun şücaəti nəticəsində azad edilməsindən danışıb. İşğalçı Ermənistanın tərəfdaş olduğu beynəlxalq müqavilələri ciddi şəkildə pozduğunu və dəfələrlə imzalanan atəşkəs rejiminə riayət etmədiyini vurğulayıb.
Aksiyada çıxış edən türkiyəli siyasətçilər də Azərbaycan-Türkiyə qardaşlığını vurğulayaraq, hər zaman Azərbaycanın yanında olduqlarını qeyd ediblər. Azərbaycanın Laçın rayonundan olan iş adamı Elnur Malikoğlu da aksiyada çıxış edərək, işğalçı Ermənistanın Qarabağda törətdiyi vəhşiliklərin canlı şahidi kimi Laçın rayonunun işğalından danışıb, xalqımıza, dövlətimizə qələbə və əmin-amanlıq arzulayıb.
Aksiyada “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik!” “Uşaq ölümünə son qoyun!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” və sair kimi şüarlar səsləndirilib.
Dərnəyin üzvü Lamiyə Novruzovanın ifasında Azərbaycanın “Sarı gəlin” xalq mahnısı səsləndirilib. Daha sonra aksiya 100-dən çox avtomobilin iştirakı ilə “Dostluq” parkından başlayan avtoyürüşlə davam edib.

Cəmiyyət 2020-10-21 12:23:00