×
A
A
A
Sazlamalar

“Azəriqaz”: Qeydiyyatda olan abonentlərin 8,27 faizi güzəştli limit həddini keçib

Bakı, 21 oktyabr, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi cari ilin 9 ayının iqtisadi göstəricilərinə dair bəzi məlumatları açıqlayıb.
Birlikdən AZƏRTAC-a bildirilib ki, yanvar-sentyabr aylarında əhali abonentləri 2 milyon 303 min 513 təşkil edib. Qazlaşdırılmış yaşayış məntəqələrinin sayı 8, yeni yaşayış massivlərinin sayı isə 23-ə bərabər olub. Hazırda qazlaşdırma işləri gedən yaşayış məntəqələrinin sayı 35, yaşayış massivlərinin sayı isə 20 təşkil edir. Doqquz ay ərzində yeni çəkilmiş müxtəlif diametrli qaz xətlərinin uzunluğu 1105,1 kilometrə bərabər olub.
2019-cu ilin müvafiq dövründən bu il oktyabrın 1-nə kimi 87 min 613 abonent artımının qeydə alınmasına baxmayaraq, keçən ilin eyni ayları ilə müqayisədə qaz itkilərinin azalma fərqi 0,7 faiz olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub. Qeyd edək ki, “Yol xəritəsi”ndə “Azəriqaz” İB üçün itkilərlə bağlı hədəf 8 faiz müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin olunacaq.
Oktyabr ayının 1-nə olan məlumata əsasən, qeydiyyatda olan 2 milyon 303 min 513 əhali abonentinin cəmi 8,27 faizi illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib. Bu da say etibarilə 190 min 498 abonent deməkdir. Yerdə qalan 2 milyon 113 min 015 abonent (ümumi əhali abonentlərinin 91,73 faiz) qazdan güzəştli limit daxilində istifadə edib.

 

Neft - qaz 2020-10-21 12:16:00