×
A
A
A
Sazlamalar

Bu gün Azərbaycanın güclü iqtisadiyyatı, qüdrətli ordusu var

Naxçıvan, 21 oktyabr, AZƏRTAC

Uzun illərdir ki, ölkəmizə qarşı işğalçılıq siyasəti yürüdən ermənilər artıq bir gerçəklə üz-üzə qalıblar - torpaqlarını zəbt etdiyi ölkə bu gün çox inkişaf edib. Onun qarşısında artıq ötən əsrin 90-cı illərinin Azərbaycanı dayanmayıb, güclü iqtisadiyyatı, qüdrətli ordusu olan bir dövlət, sarsılmaz birliyi və həmrəyliyi olan xalq dayanıb. Birinci Qarabağ müharibəsində silah-sursatı olmayan xalq əliyalın düşmən qarşısına çıxmışdısa, bu gün düşmənin qarşısında bütün müasir texnika və silahlarla təchiz olunmuş şanlı Azərbaycan Ordusu dayanıb və bu ordu torpağının bir qarışının da Ermənistanın işğalında qalmasına imkan verməyəcək. Bu gün Azərbaycan ədalətli müharibə aparır, təcavüzkara həddini bildirir.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində “Naxçıvan” Universiteti Ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mehman Şabanov deyib. O bildirib ki, vaxtilə Ermənistan ölkəmizdəki qarışıqlıqdan, hakimiyyətsizlikdən istifadə edərək torpaqlarımızı işğal edib. 1991-1993-cü illərdə baş verən hadisələr bunu bir daha təsdiq edir. Onlar elə hesab edirdilər ki, bu, belə də davam edəcək. Məhz ona görə də sentyabrın 27-də cəbhə xətti boyunca Azərbaycanın mülki şəxslərinin yaşadığı yerləri yenidən atəşə tutdular. Şanlı Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatlarına başladı, düşmənə layiqli cavab verdi. Güclü ordumuz qarşısında tap gətirməyən düşmən itkilər verərək, texnikalarını döyüş meydanında qoyaraq qorxaqcasına qaçır.
Torpağına bağlı bir xalqın nümayəndələri olan azərbaycanlıların 30 il ərzində düşmən tapdağında qalan yurdumuzu heç vaxt unutmadığını vurğulayan Mehman Şabanov qeyd edib ki, bu səbəbdən ordumuzun əks-hücum əməliyyatı hər kəs tərəfindən sevinclə qarşılandı. Azərbaycan əsgəri öz sözünü döyüş meydanında dedi, qısa vaxtda Ermənistan ordusunun müqavimətini qırdı. Hər gün aldığımız qələbə xəbərləri böyük sevinc hissləri yaşadır. Artıq 30 ilə yaxın bir müddətdə danışıqlarla ala bilmədiyimiz torpaqları Azərbaycan Ordusu özü gücü, qüdrəti ilə azad edir. Dalana dirənən, ordumuz qarşısında aciz qalan, diz çökən erməni ordusu isə dinc sakinləri hədəf seçir, böyük şəhərlərimizi, kəndlərimizi atəşə tutaraq müharibə cinayətləri işlədir. Müdafiə Nazirliyinin məlumatında da qeyd olunduğu kimi, ötən günlərdə Ermənistan ordusu muxtar respublikanın Ordubad rayonunun ərazisinə də raket atıb. Bu, onu göstərir ki, qondarma dövlət münaqişənin miqyasını genişləndirmək istəyir. Ancaq unudur ki, 2018-ci ildə bir həmlədə Günnütü azad edən Əlahiddə Ümumqoşun Ordu kimi qüdrətli bir ordu ilə qarşı-qarşıya qalmaq ona çox baha başa gələ bilər.
“Ermənistan iqtisadi baxımdan onsuzda iflasa uğrayıb, ordusunda fərarilik baş alıb gedir. Erməni zabit və əsgərləri, könüllülər döyüşlərdən qaçırlar. Ermənistan ordusunun maddi-texniki təminatı sıfır səviyyəsinə enib”, - deyən “Naxçıvan” Universiteti Ümumi tarix kafedrasının müdiri vurğulayıb ki, buna görə də düşmən ordumuz qarşısında çox davam gətirə bilməyəcək. Ermənistanın iki seçimi var, ya məğlubiyyətini etiraf edərək torpaqlarımızı işğaldan azad etməlidir, ya da olan-qalan ordu hissələrini və onların bütün silahlarını, texnikalarını itirəcək. Bundan sonra isə onu heç kəs xilas edə bilməyəcək.

Regionlar 2020-10-21 12:11:00