×
A
A
A
Sazlamalar

Ankarada Ermənistanın Gəncə terroruna etiraz olaraq avtoyürüş keçirilib

Bakı, 21 oktyabr, AZƏRTAC
Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə Türkiyənin Ankara şəhərində avtoyürüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, işğalçı Ermənistan ordusunun Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərindəki mülki yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində dinc sakinlərin, o cümlədən uşaq və qadınların qətlə yetirilməsinə etiraz edən soydaşlarımız əvvəlcə Azərbaycanın Türkiyədəki səfirliyinin qarşısında toplaşıblar. Dərnəyin rəhbəri Arzuman Azaflı, Ankara Universitetinin doktorantı Nərmin Mirzəyeva aksiya iştirakçıları qarşısında çıxış edərək, Ermənistanın oktyabrın 11-i və 17-də törətdiyi terror aktlarını qətiyyətlə pisləyiblər.
Sonra Azərbaycan və Türkiyənin bayraqları ilə bəzədilən 100 avtomobilin hərəkət etdiyi karvan səfirliyinin qarşısından avtoyürüşə başlayıb. Karvan Çankaya Köşkü, Prezident Sarayının önündən keçərək yürüşü Gölbaşında başa çatdırıb. Yürüş boyu “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan terrorçu dövlətdir!”, “Azərbaycan ədalət tələb edir!”, “Mülki insanlar toxunulmazdır!” “İşğal beynəlxalq sülhə təhlükədir!”, “Uşaq ölümünə son qoyun!” kimi şüarlar nümayiş olunub, münaqişənin nizamlanmasında dünya birliyinə ədalətli mövqe sərgiləməyə çağırış edilib. Aksiya Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu oktyabrın 11-i və oktyabrın 17-si gecə saatlarında Azərbaycanın cəbhə zonasından uzaqda yerləşən qədim Gəncə şəhərini raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyektlərə və şəhərə ciddi və külli miqdarda ziyan dəyib. Hər iki terror aktı nəticəsində ümumilikdə 24 nəfər həlak olub, 90 dinc sakin ağır yaralanıb.

Cəmiyyət 2020-10-21 11:41:00