×
A
A
A
Sazlamalar

Ötən ay 712 daşınmaz əmlak obyekti qeydiyyata alınıb

Naxçıvan, 21 oktyabr, AZƏRTAC

Muxtar respublikada əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması, fəaliyyət istiqamətləri üzrə vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi sentyabr ayı ərzində də Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılıb.
Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sentyabr ayında 712 daşınmaz əmlak obyekti qeydiyyata alınıb, 475 texniki sənəd hazırlanıb, 195 əmlakın bazar dəyəri məlumat bankına daxil edilib. Yeni yaranmış 33 daşınmaz əmlak obyektinə ünvan verilib, 83 ünvan arayışı hazırlanıb. Hesabat ayı ərzində səyyar xidmət qrupu tərəfindən 8 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş 47 müraciət əsasında mülkiyyət sənədləri hazırlanıb hüquq sahiblərinə təqdim olunub.
Torpaqların elektron kadastr uçotunun aparılması üçün Şahbuz rayonunun bütün bələdiyyələri üzrə reyestr məlumatlarının yeni hazırlanan xəritələrin üzərinə miqrasiyası başa çatdırılıb, rayonun elektron kadastr xəritəsi tərtib edilib. Naxçıvan şəhərinin, Kəngərli və Sədərək rayonlarının ərazisində eroziyaya uğrayan, şoranlaşan, şorakətləşən və digər səbəblərdən deqradasiyaya məruz qalan torpaqlar naturada dəqiqləşdirilərək həmin ərazilərin xəritələri hazırlanıb.
Şərur rayonunda torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib və torpaqların qida maddələri ilə təmin olunmasına dair hazırlanmış yeni kartoqramlar Xanlıqlar, Ələkli, Dərvişlər, Çəmənli, Kosacan və Siyaqut bələdiyyələrinə təqdim edilib.
Muxtar respublikada ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq 13 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları, habelə təsərrüfat fəaliyyəti ilə əlaqədar 5 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

Regionlar 2020-10-21 11:39:00