×
A
A
A
Sazlamalar

Muxtar respublikanın infrastruktur təminatı yenilənir

Naxçıvan, 21 oktyabr, AZƏRTAC

Muxtar respublikada həyata keçirilən ardıcıl tədbirlər, qəbul edilən mühüm Dövlət proqramlarının uğurlu icrası, yaradılan yeni istehsal və xidmət sahələri əhalinin səmərəli məşğulluğunu təmin edib, davamlı inkişafa yeni imkanlar yaradıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, muxtar respublikada iqtisadi və sosial sahələrdə əldə olunmuş uğurların davamlılığının təmin olunması və infrastrukturun yenilənməsi istiqamətində təkcə 2020-ci ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 797 milyon 957 min 500 manat vəsait yönəldilib. Bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Bu dövr ərzində muxtar respublikada infrastruktur quruculuğu tədbirləri çərçivəsində 100 elm və təhsil müəssisəsi, o cümlədən 18 min 938 şagird yerlik 66 ümumtəhsil məktəbi, 171 inzibati bina,14 nasos stansiyası, 79 subartezian quyusu, 50 körpü, 202 mədəniyyət müəssisəsi, 111 səhiyyə müəssisəsi, 718 istehsal və xidmət sahəsi, 8 idman obyekti, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərər çəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 110 fərdi ev, mənzil və bir sıra digər obyektlər tikilib. Bundan əlavə, bu dövrdə 97 elm və təhsil müəssisəsi, o cümlədən 34 min 240 şagird yerlik 75 ümumtəhsil məktəbi, 68 inzibati bina, 8 nasos stansiyası, 20 subartezian quyusu, 19 körpü, 100 mədəniyyət müəssisəsi, 21 səhiyyə müəssisəsi, 13 idman obyekti və digər obyektlər yenidən qurulub.
Yaşayış məntəqələrinin abadlaşdırılması, yaşayış yerlərində səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində 2010-cu ildən 1 oktyabr 2020-ci il tarixədək muxtar respublikada 125 kənd mərkəzi istifadəyə verilib.
Ötən dövrdə əhalinin rahatlığına və yaşayış standartlarının yüksəldilməsinə xidmət edən kommunal-məişət sistemlərinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin tərkib hissəsi kimi içməli su və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulması xüsusilə diqqətdə saxlanılıb. Bu istiqamətdə Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi, Naxçıvan şəhərdaxili, Tumbul, Qaraçuq, Qaraxanbəyli, Hacıniyyət və Bulqan kəndlərində içməli su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilib.
Şərur rayonunda Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci və ikinci mərhələsi, Sutəmizləyici Qurğular Kompleksi, Zeyvə, Düdəngə kəndlərində və Cəlilkənddə içməli su şəbəkəsi, Babək rayonunun Şəkərabad, Şıxmahmud və Xəlilli kəndlərinin, Culfa və Şahbuz şəhərlərinin, eləcə də ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilib.
Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində, ətraf qəsəbə və kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunun Sərxanlı, Kəngərli rayonunun Qarabağlar, Yurdçu və Qabıllı kəndlərində içməli su şəbəkələrinin tikintisi davam etdirilib.
İnfrastruktur quruculuğunda əhali tərəfindən həyata keçirilən vəsait qoyuluşları da mühüm rol oynayıb, təkcə 2020-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına 366 min 697 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib.
İqtisadiyyatın dinamik inkişafının təmin olunmasında mühüm əhəmiyyətə malik olan nəqliyyat infrastrukturunun artan əhali tələbatına uyğun olaraq səmərəli idarə olunması istiqamətində tədbirlər davam etdirilib, 2010-cu ildən 1 oktyabr 2020-ci il tarixədək muxtar respublikada 1133,7 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulub. Bu dövr ərzində hava və dəmir yolu nəqliyyatının inkişafı istiqamətində infrastruktur yenilənib, inzibati və yardımçı binalar istifadəyə verilib, maddi-texniki baza gücləndirilib.
Muxtar respublikada informasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilib, 4-cü nəsil mobil rabitə şəbəkəsi istifadəyə verilib.
Bu gün bütün sahələrdə qeydə alınmış dinamik inkişaf templəri əhalinin həyat səviyyəsinin və rahatlığının yaxşılaşdırılmasına, muxtar respublikanın iqtisadi qüdrətinin möhkəmləndirilməsinə öz töhfəsini verməkdədir.

Regionlar 2020-10-21 11:27:00