×
A
A
A
Sazlamalar

Ötən ay muxtar respublikada pensiya ödənilməsinə 14 milyon 747 min manat vəsait yönəldilib

Naxçıvan, 21 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən ay ərzində əmək pensiyaları və məcburi dövlət sosial sığorta ödəmələri vaxtından əvvəl maliyyələşdirilib, pensiya ödənilməsinə 14 milyon 747 min manat, sosial sığorta ödəmələrinə isə 328 min manat vəsait xərclənib.
Fonddan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığortahaqqı üzrə fondun xəzinə hesabına 8 milyon 340 min 700 manat vəsait daxil olub. Bu vəsait nəzərdə tutulan məbləğdən 16,5 faiz çoxdur. Daxil olan məcburi dövlət sosial sığortahaqqının məbləği ildən-ilə artmaqdadır. Bunun nəticəsində isə əmək pensiyaları və sosial müavinətlərin vaxtlı-vaxtında maliyyələşdirilməsinə əlverişli şərait yaranır.
Hesabat dövründə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranan 78 vətəndaşa əmək pensiyası təyin edilib ki, bunlardan 39-u yaşa, 4-ü sağlamlıq imkanları məhdudluğa, 35-i isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxan vətəndaşlar olub. Fərdi uçot sistemində də işlər davam etdirilib, yeni əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün 158 ərizə forması elektron imza vasitəsilə sifariş verilib.
Muxtar respublikada pensiyaçılara yüksək səviyyədə xidmət göstərilməsi üçün pensiyaların ödənilməsi sistemində mütərəqqi üsullardan istifadə olunur. Hazırda bütün növ əmək pensiyaçıları plastik kartlar vasitəsilə öz pensiyalarını istənilən vaxt rahat şəkildə əldə edirlər. Eyni zamanda kənd yerlərində yaşayan pensiyaçıların rayon mərkəzinə getmədən pensiyalarını əldə etməsi üçün də müvafiq tədbirlər görülür, onların istəkləri nəzərə alınmaqla kənd yerlərində pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi təşkil olunur.

Regionlar 2020-10-21 11:26:00