×
A
A
A
Sazlamalar

Türkiyənin “Parlamento” jurnalında AZƏRTAC-ın xüsusi müxbirinin Ermənistanın işğalçılıq siyasəti ilə bağlı məqaləsi dərc olunub

Ankara, 21 oktyabr, AZƏRTAC

Bölgədə nələr baş verir? Məlum döyüşlər baş verməyə bilərdimi? Bu suallara Türkiyə Böyük Millət Məclisinin aylıq nəşri olan “Parlamento” jurnalında dərc olunan məqalədə cavab verilir.
AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtının müəllifi olduğu məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salınır.
Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutunun səbəbləri, erməni millətçi dairələrinin Azərbaycana qarşı düşmənçiliyi və onun acı nəticələri, ötən əsrin sonunda əsassız erməni iddiaları ilə ölkəmizin başı üstünü alan qara buludlar, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası və hazırda cəbhədə baş verən proseslər oxuculara çatdırır. Müəllif vurğulayır ki, Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistanın ölkəmizlə bağlı iddiaları xəstə erməni təxəyyülünün məhsuludur.
Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin regional proseslərə təsirindən bəhs edən müəllif bölgədəki məlum proseslərlə bağlı Azərbaycan Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirlərindən sitatlar təqdim edir.
Məqalədə hazırda cəbhə bölgəsində davam edən döyüşlərə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyü vurğulanır. Bildirilir ki, işğal altındakı torpaqları azad etmək beynəlxalq hüququn Azərbaycana verdiyi haqdır, bu şərəfli tarixi missiyanı həyata keçirmək Azərbaycan Silahlı Qüvvələrinin mənəvi borcudur.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Siyasət 2020-10-21 10:12:00