×
A
A
A
Sazlamalar

İtalyan tədqiqatçı: Dağlıq Qarabağ müharibəsinin xristianlar və radikal islamçılar arasında dini müharibə olması iddiası kosmik yalandır

Roma, 20 oktyabr, AZƏRTAC

İtaliyanın nüfuzlu “Corriere Della Sera” qəzetinə bağlı məşhur “EUROACTIVE” portalının italyan versiyasında Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier Vinçellinin “Dağlıq Qarabağ: sülh zamanıdır?” başlıqlı məqaləsi dərc olunub.
Məqalədə müəllif oktyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında razılaşdırılmış humanitar atəşkəsi xatırladaraq sülh və dialoq üçün tələb olunan şərtlər və atılmalı olan addımlardan danışır. Professor qeyd edir ki, Azərbaycan hazırda üstün mövqedədir və hərbi nöqteyi-nəzərindən Bakı qələbə qazanmaqdadır. Azərbaycan 1993-cü ildə Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ətrafında yerləşən bir sıra ərazilər üzərində nəzarəti bərpa edib. Həmçinin siyasi cəhətdən də, milli ərazisi olan həm Dağlıq Qarabağda, həm də ətraf rayonlarda əməliyyatlar aparmaq üstünlüyü var və bütün bu vəziyyət sülh üçün bəzi hazırlıqlara yol açır.
D.Pommier bildirir ki, müharibəni “Dağlıq Qarabağ münaqişəsi” kimi təqdim etmək həqiqəti tam əks etdirmir. Əslində, münaqişəyə daha geniş ərazilər - etnik cəhətdən tam şəkildə azərbaycanlıların yaşadığı və 1992-1994-cü illərdə Ermənistanın işğalı nəticəsində həmin azərbaycanlıların zorla qovulduğu ətraf ərazilər də cəlb olunub. Ermənistan həmin rayonları təhlükəsizlik səbəbindən zəbt etdiyini bildirsə də, bu ərazilər işğalı və qanunsuz məskunlaşdırmanı qadağan edən beynəlxalq hüquq normalarına zidd olaraq qanunsuz məskunlaşdırılma cəhdlərinə məruz qalıb.
Müəllif bildirir ki, 25 ildən artıq davam edən bir münaqişə üçün dayanıqlı sülhə qısa müddət ərzində nail olmaq çətindir, lakin ətraf rayonlar təcili azad olunmalıdır. Çünki heç kim inkar edə bilməz ki, ətraf yeddi rayon ədalətsiz şəkildə “qalxan ərazilər” kimi istifadə edilib. Söhbət Ermənistan üçün üstün psixoloji və hərbi yayındırma, əslində isə etik cəhətdən qəbul edilməz vasitədən gedir. İstənilən müşahidəçi Dağlıq Qarabağdan və ətraf yeddi rayondan zorla qovulmuş azərbaycanlı əhalinin iztirablarını, beynəlxalq ictimaiyyətin gözü qarşısında saxlanılan hazırkı dəhşətli status-kvoya görə həmin azərbaycanlıların məyusluğunu görmədən bu müharibəni başa düşə bilməz. Təsadüfi deyil ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri də işğalçı qüvvələrin, ilk növbədə, məhz bu ərazilərdən çıxarılmasını nəzərdə tutur.
D.Pommier qeyd olunan BMT qətnamələrinin həyata keçirilməsi istiqamətində 2007-ci ildə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq olunmuş “Madrid prinsipləri”nin əsas yol xəritəsi kimi qaldığını düşünür və həmin prinsiplərin aşağıdakıları ehtiva etdiyini xatırladaraq vurğulayır ki, bu prinsiplər ilə bağlı əsas problem Ermənistanın birtərəfli qaydada onları rədd etməsidir. Müəllif həmin prinsipləri sadalayaraq bildirir:
• Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ ətrafındakı yeddi rayondan çıxarılması və həmin ərazilər üzərində Azərbaycanın legitim suverenliyinin bərpa olunması;
• İşğal olunmuş bütün ərazilərə, həm Dağlıq Qarabağa, həm də ətraf yeddi rayona məcburi köçkünlərin qaytarılması;
• Ermənistan və Dağlıq Qarabağ arasında dəhliz yaradılması;
• Dağlıq Qarabağa beynəlxalq zəmanət altında keçid status və özünüidarəçilik verilməsi;
• Keçid müddətinin sonunda əhalinin azad iradəsi ilə Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi.
Məqalədə Dağlıq Qarabağın yekun statusuna münasibətdə müxtəlif modellər, o cümlədən İtaliyanın Alto Adice modeli haqqında danışıldığı bildirilir. D.Pommierə görə, münaqişənin həlli yolu kimi Qrenlandiya modelini də tətbiq etmək olar. O bildirir ki, inuit xalqının yaşadığı, lakin XVII əsrdən etibarən Danimarka ərazisi olan Qrenlandiyaya 1979-cu ildən Danimarka daxilində muxtariyyət verilib. Eyni zamanda, Qrenlandiya Danimarkanın suverenliyini, qanunlarını və ərazi bütövlüyünü tanıyaraq, onun ayrılmaz hissəsidir. Bu model hamının xeyrinə həm ərazi bütövlüyünün, həm də öz müqəddəratını təyin etməyin uzlaşdığını göstərən əyani nümunədir.
Məqalədə müəllif Azərbaycana qarşı yayılan saxta xəbərlərə də toxunur və informasiya məkanının onlardan təmizlənməsinin vacibliyini diqqətə çatdırır, bu saxta xəbərlərdən ikisini misal çəkərək əksini sübut edir. O, aparılan müharibənin guya 1915-ci ildə baş vermiş qondarma erməni soyqırımının davamı olması iddiasına cavab verərək, bunun tam yalan olduğunu və həmin hadisələrin hazırkı münaqişə, Qafqaz və Azərbaycan ilə əlaqəsinin olmadığını göstərir. Həmçinin müharibənin guya “xristianlar və radikal islamçılar arasındakı dini müharibə olması” iddiasını isə “kosmik yalan” adlandıraraq izah edir ki, Qafqazda din heç vaxt əhəmiyyətli rol oynamamışdır və Azərbaycan da ünsiyyət nöqteyi-nəzərindən din amilinə müraciət etməmişdir. Ermənistan tərəfinin bu vasitədən istifadə etməsi, təəssüf ki, hələ də islamofob olan bu dünyanın “rəğbətini qazanmağa” çalışmasından xəbər verir.
Sonda D.Pommier guya Azərbaycan tərəfdən cihadçıların vuruşması da daxil olmaqla, çoxsaylı saxta xəbərlərin də dolaşdığı, lakin yuxarıda qeyd olunan iki əsas saxta xəbərdən informasiya məkanının təmizlənməsinin sülhə doğru addım atılmasına kömək edəcəyini vurğulayır.
Məqalə ilə bu linkə keçid edərək tanış olmaq mümkündür: https://euractiv.it/section/mondo/opinion/nagorno-karabakh-tempo-di-pace/ 

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Siyasət 2020-10-20 20:59:00