×
A
A
A
Sazlamalar

İndoneziya ictimaiyyəti Ermənistan-Azərbaycan münaqişəsi barədə ətraflı məlumatlandırılıb

Cakarta, 20 oktyabr, AZƏRTAC

İndoneziya İslam Əməkdaşlıq Təşkilatı Gənclər Təşkilatının (İndoneziya İƏT GT) təşəbbüsü və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Ermənistan-Azərbaycan münaqişəsinə, xüsusilə son günlərdə Ermənistanın ölkəmizə qarşı yönəlmiş yeni təxribatlarına həsr olunmuş vebinar keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar hazırda cərəyan edən prosesləri daha geniş kütləyə çatdırmaqdan ibarət olub.
AZƏRTAC xəbər verir ki, İndoneziya parlamentinin Nümayəndələr Palatasının Parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Fadli Zon, İndoneziya İƏT Gənclər Təşkilatının prezidenti Şafi Əfəndi, İƏT Gənclər Forumunun sabiq vitse-prezidenti Tantan Taufiq Lubis, Azərbaycanın bu ölkədəki səfirliyinin müşaviri Gültəkin Həbibli, Xaricdəki İndoneziyalı Tələbə Assosiasiyaları Alyansının əlaqələndiricisi Çoyrul Anam, Muhammadiyah Universitetinin professoru Vahid Ridvan, Azərbaycanda Təhsil Alan İndoneziyalılar Assosiasiyasının sədri Alif Paramardhika, həmçinin İndoneziyada təhsil almış Anar Yusifzadə və Elmar İskəndərov, həmçinin bir sıra indoneziyalı vebinarda çıxış edərək Azərbaycan həqiqətləri barədə ətraflı danışıblar.
İndoneziya İƏT Gənclər Təşkilatının prezidenti Şafi Əfəndi Ermənistanın Azərbaycana qarşı son təxribatlarını pisləyib, rəhbərlik etdiyi təşkilatın adından məsələ ilə bağlı bəyanat verildiyini diqqətə çatdırıb.
Səfirliyin müşaviri Gültəkin Həbibli Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistanın ölkəmizə qarşı son təxribatları barədə geniş məlumat verib. Oktyabrın 10-da əldə edilən humanitar atəşkəs razılaşmasına əməl etməyən Ermənistan tərəfinin Azərbaycanın mülki əhalisini hədəfə aldığını qeyd edən müşavir təcavüzkar ölkənin Gəncə, Tərtər, Mingəçevir və digər şəhərlərinə raket hücumları etməsi nəticəsində onlarca mülki şəxsin həlak olduğunu və yaralandığını bildirib. Bunun əksinə olaraq, Azərbaycan Ordusunun bu günədək mülki əhaliyə və yaşayış məntəqələrinə atəş açmadığını qeyd edib.
İndoneziyalı parlamentinin üzvü F.Zon Ermənistan–Azərbaycan münaqişəsinin siyasi və hüquqi aspektləri barədə məlumat verib, problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini qeyd edib. O, oktyabrın 7-də yaydığı bəyanatda bu məsələyə xüsusi yer verdiyini vurğulayıb.
Tədbirdə çıxış edən A.Yusifzadə, E.İskəndərov və digər azərbaycanlılar, həmçinin İndoneziyanın akademik dairələrini təmsil edən iştirakçılar münaqişə haqqında ətraflı bəhs edib, onun tarixi və müasir proseslər barədə ətraflı fikir mübadiləsi aparıblar.
İƏT Gənclər Forumunun sabiq vitse-prezidenti Tantan Taufiq Lubis sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzü başlanandan etibarən Dağlıq Qarabağ və Xocalı həqiqətlərinin, Azərbaycanın haqq işinin İndoneziya ictimaiyyətinə çatdırılması, eyni zamanda, erməni vandalizminin indoneziyalı rəsmilər tərəfindən qınanması istiqamətində əməli fəaliyyətin davam etdirildiyini diqqətə çatdırıb. O, Ermənistan tərəfinin humanitar atəşkəs razılaşmasını kobud şəkildə pozaraq Azərbaycanın müxtəlif bölgələrindəki mülki əhalini raket zərbələrinə məruz qoyması nəticəsində həyatını itirənlərin və yaralananların olmasından təəssüf hissi keçirdiyini bildirib. Erməni vandalizminin İndoneziya ictimaiyyətinə çatdırılması məqsədilə zəruri tədbirlər görüldüyünü qeyd edib.
Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb, “#KarabakhiIsAzerbaijan” və “#WeStandWithAzerbaijan” şüarları səsləndirilib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta

Siyasət 2020-10-20 20:31:00