×
A
A
A
Sazlamalar

Camal Niyazov: Azərbaycan Prezidenti və müzəffər Ordusu bizim qürur mənbəyimizdir

Tbilisi, 20 oktyabr, AZƏRTAC 

Biz Gürcüstanda yaşayan azərbaycanlılar Qarabağda gedən prosesləri diqqətlə izləyirik. Qəlbi tarixi Vətəni ilə döyünən bütün soydaşlarımız Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin yanındadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Laqodexi rayonunun Qabal kəndinin ağsaqqalı Camal Niyazov söyləyib.
C.Niyazov deyib: “Biz hər gün səbirsizliklə Azərbaycan Prezidentinin xalqa müraciətini gözləyirik. Oktyabrın 20-də Azərbaycan Prezidentinin yeni qələbə xəbərindən sonra hamının gözləri sevinc yaşı ilə dolub. Biz hamımız bu xəbərdən də uşaq kimi sevindik. İnanırıq ki, Azərbaycanın müzəffər Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə digər torpaqları da erməni işğalından azad edəcək. Azərbaycan Prezidenti və müzəffər Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir”.
Onun sözlərinə görə, Qabal kəndi paytaxt Tbilisidən xeyli aralıda yerləşsə də siyasətdən uzaq deyil. Laqodexi rayonunda, Qabal və ətraf kəndlərdə yaşayan bütün soydaşlarımız Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin ətrafında sıx birləşib, Azərbaycana hər cür köməklik göstərməyə hazırdır.
Kənd ağsaqqalı dövlətimizin başçısının Gürcüstanda yaşayan soydaşlarımıza diqqət və qayğısını da yüksək qiymətləndirib.
Bildirib ki, xalqımızın Ümummilli Liderinin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Gürcüstanın bölgələrində yaşayan azərbaycanlılar üçün məktəblər, idman kompleksləri, mədəniyyət ocaqları, uşaq bağçaları və digər sosial obyektlər tikilərək istifadəyə verilib. Bu gün isə Qabal kəndində 100 yerlik uşaq bağçasının təməli qoyulub.
“Biz, Gürcüstanda yaşayan bütün azərbaycanlılar göstərilən diqqət və qayğıya görə, Azərbaycan Prezidentinə minnətdarıq”, – deyə Camal Niyazov vurğulayıb.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Cəmiyyət 2020-10-20 20:30:00