×
A
A
A
Sazlamalar

Ermənistanın raket hücumu nəticəsində Gəncədə həlak olanların xatirəsinin anılması üçün Kanberrada guşə yaradılıb

Kanberra, 20 oktyabr, AZƏRTAC

Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə Ermənistan silahlı qüvvələrinin növbəti dəfə raket zərbəsi nəticəsində həlak olmuş mülki insanların xatirəsinin yad edilməsi üçün ölkəmizin Avstraliya İttifaqındakı səfirliyinin binası önündə xatirə guşəsi yaradılıb.
AZƏRTAC xəbər verir ki, xatirə guşəsində erməni vəhşiliyinin qurbanı olan dinc sakinlərin, hücum nəticəsində həyatını itirən günahsız uşaqların, habelə raket zərbəsi nəticəsində dağıdılan yaşayış binalarının və mülki obyektlərin fotoları əksini tapıb.
Qardaş Türkiyə Respublikasının Avstraliyadakı səfirliyinin əməkdaşları, digər ölkələrin səfirləri, bu ölkədə yaşayan həmvətənlərimiz, eləcə də yerli sakinlər səfirliyin binası qarşısına gələrək, guşənin önünə gül dəstələri düzüb, şəhidlərimizin xatirəsinə dərin ehtiramlarını bildirərək, xalqımızla həmrəylik nümayiş etdiriblər. Səfirlikdə şəhidlərin xatirəsinə ehsan verilib.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 1:00 radələrində cəbhə zonasından uzaqda yerləşən Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 45-dən çox mülki şəxs yaralanıb, çoxlu sayda mülki obyektə və nəqliyyat vasitəsinə ziyan dəyib.

 

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra

Cəmiyyət 2020-10-20 19:53:00