×
A
A
A
Sazlamalar

NDU-nun Memarlıq və mühəndislik fakültəsinin elektron jurnalı istifadəyə verilib

Naxçıvan, 20 oktyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin (NDU) Memarlıq və mühəndislik fakültəsinin elektron jurnalı istifadəyə verilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, universitetin rektoru Elbrus İsayev Memarlıq və mühəndislik fakültəsinin bu tədris ilində bir çox yeniliklərə imza atdığını vurğulayıb. O qeyd edib ki, 2020-2021-ci tədris ilində fakültədə yeni günəş və külək hibrid qida qurğusu, günəş panelləri ilə istilik sistemi, robototexnika kabinəsi açılıb. Rektor universitetdə ilk dəfə Memarlıq və mühəndislik fakültəsində istifadəyə verilən elektron jurnalın əhəmiyyətindən də danışıb. Bildirib ki, bu jurnal tələbələrin obyektiv qiymətləndirilməsində müstəsna əhəmiyyətə malikdir.
Universitetin Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov tədbir iştirakçılarını elektron jurnalın istifadə qaydaları ilə tanış edib. Qeyd edib ki, elektron jurnala daxil olmaq üçün tələbə-müəllim qeydiyyatı yaradılıb. Tələbə və müəllimlər qeydiyyatdan keçdikdən və administrator tərəfindən təsdiq edildikdən sonra sistemə daxil ola bilərlər. Elektron jurnala fakültə üzrə ixtisaslar, kurslar, fənlər keçilən mövzuların adları yüklənilib. Sistemdə tələbənin davamiyyəti, biliyinin qiymətləndirilməsi, kollokvium və sərbəst iş qiymətləri öz əksini tapıb. Sistem tələbənin alt qrupda və ya üst qrupda dərs götürməsi imkanı yaradıb. Tələbə elektron jurnal vasitəsilə semestrin sonunda öz transkriptini də görə bilər.
Sonra müəllimlərin sualları cavablandırılıb.

Regionlar 2020-10-20 18:12:00