×
A
A
A
Sazlamalar

Avroliqa koronavirusla bağlı qaydalara dəyişiklik edib

Bakı, 20 oktyabr, AZƏRTAC

Ötən mövsüm koronavirus pandemiyasına görə yarımçıq dayandırılan və nəticələri ləğv edilən Avroliqada bu mövsümdə də ciddi problemlər yaşanır. Bir neçə klubun basketbolçusunun koronavirusa yoluxması nəticəsində bəzi oyunları təşkil etmək mümkün olmayıb. Hətta buna görə komandalara texniki məğlubiyyət də verilib. Bunun problemə çevrildiyinə görə liqa rəhbərliyi artıq reqlamentdə dəyişiklik etmək məcburiyyətində qalıb.
AZƏRTAC xəbər verir ki, Avroliqanın İcraçı Şurası koronavirusla əlaqədar tərtib olunan yeni protokol qaydasında dəyişiklik edib. Karantinə görə komandaların tam heyətlə oyunlara çıxa bilməməsi müəyyən problemlərə yol açırdı. Xüsusən də klublara texniki məğlubiyyətlərin verilməsi narazılığa səbəb olurdu. Əvvəlki qaydalara görə, klublar yalnız öz ölkələrinin qanunlarına görə səfərə çıxa bilməyəndə oyunlar təxirə salınırdı. Əks halda, komandaya texniki məğlubiyyət verilirdi. Artıq bu problem həll olunub. Bundan sonra hər hansı komanda matçın protokoluna 8 oyunçunun adını daxil edə bilməsə, görüş təxirə salınacaq. Bununla yanaşı, karantinə alınan komandaya da güzəşt ediləcək. Həmin klublar basketbolçuları karantindən çıxmayana qədər oyun keçirməyə bilər.
Qeyd edək ki, bu mövsüm 4 tur ərzində 4 oyun ləğv edilib. Meydana çıxa bilməyən komandalara isə texniki məğlubiyyət verilib. Bu da o deməkdir ki, “Villerban” klubunun “Panatinaikos” və “Srvena Zvezda” ilə, Rusiya “Zenit”inin “Baskoniya” və “Valensiya” ilə oyunları təxirə salınacaq. Halbuki bunadək “Villerban” və “Zenit” köhnə qaydalara əsasən məğlub elan edilmişdi.

 

İdman 2020-10-20 16:56:00