×
A
A
A
Sazlamalar

SOCAR Gürcüstanın Qabal kəndində uşaq bağçası inşa edir

Tbilisi, 20 oktyabr, AZƏRTAC

SOCAR Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində yeni uşaq bağçası tikəcək.
AZƏRTAC xəbər verir ki, oktyabrın 20-də müəssisənin təməli qoyulub. Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Kaxetinin qubernatoru İrakli Şioşvili, Laqodexi rayonunun meri Condo Mdivnişvili və digər rəsmi şəxslər iştirak ediblər.
R.Abdullayev Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan danışıb, yeni uşaq bağçasının inşasının məhz həmin qayğının nəticəsi olduğunu bildirib.
O deyib ki, Azərbaycan Prezidenti Gürcüstanda yaşayan soydaşlarımızın sosial rifah halının yaxşılaşdırılması, onların sosial problemlərinin həlli ilə bağlı SOCAR qarşısında vəzifə qoyub. SOCAR Gürcüstan iqtisadiyyatına 1 milyard 300 milyon dollara yaxın investisiya qoyub. Bu gün Gürcüstan əhalisinin 80 faizə yaxını təbii qaz alır. Gürcüstanda yaşayan soydaşlarımızın yaşadıqları bölgələrin böyük hissəsi qazlaşdırılıb. SOCAR-ın sərmayəsi əsasında Gürcüstanda çoxlu sayda məktəb, uşaq bağçası, mədəniyyət evi və idman kompleksi tikilərək istifadəyə verilib. Qabal kəndindən sonra digər bölgələrdə də sosial obyektlər tikiləcək, layihələr həyata keçiriləcək.
Sonra qubernator İrakli Şioşvili, kənd ağsaqqalı Camal Niyazov və başqaları çıxış edərək Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyevə göstərilən diqqət və qayğıya görə minnətdarliq ediblər. Çıxış edənlər Azərbaycan dövlətinin haqq işini, ölkəmizin ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.
Qeyd edək ki, 1242 kvadratmetr ərazidə inşa olunan uşaq bağçasında 100 uşaq 4 seksiyada tərbiyə alacaq. Müəssisə bütün lazımi avadanlıqla təmin olunacaq. Obyektin 8 aya təhvil verilməsi nəzərdə tutulub.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Cəmiyyət 2020-10-20 14:58:00