×
A
A
A
Sazlamalar

Muxtar Babayev: Təkcə işğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan təbiəti füsunkar gözəlliyə, ölkəmiz zəngin biomüxtəlifliyə və təbii sərvətlərə malikdir. Həmin sərvətlərin qorunması ölkənin gündəliyində duran əsas prioritetlərdən biridir. Dünyada gedən iqlim dəyişiklikləri Azərbaycanda da öz təsirini göstərir. Biz bu prosesi izləyirik və onun modelləşdirilməsinə başlamışıq. Yağıntılı günlərin sayının azalması, yağıntıların qeyri-bərabər paylanması, qarlı, şaxtalı günlərin sayının azalması, ümumiyyətlə, qış mövsümünün daha isti keçməsi bitkilərə böyük təsir edir. Həmin təsirlərin öyrənilməsi həm beynəlxalq təşkilatların, həm də qonşu ölkələrin əməkdaşlığı ilə aparıla bilər. Yaxşı nəticələrə birgə əməkdaşlığın sayəsində nail ola bilərik. Əfsuslar olsun ki, regional əməkdaşlıq Qafqaz bölgəsində tam mümkün deyil. Azərbaycan bu regionda ən çox konvensiyalara qoşulan ölkədir. Təkcə ekoloji sferada Azərbaycan 20 konvensiyaya qoşulub. Ermənistan Respublikası ilə ümumiyyətlə regional əməkdaşlıq olmadığına görə, o təsirlərin qiymətləndirilməsi, bitki sağlamlığına olan risklərin müəyyən edilməsi böyük bir sual altındadır. Otuz ilə yaxındır ki, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasət və torpaqların zəbt olunması respublika ərazisində bitkilərin inkişafı, areallarının tam öyrənilməsinə imkan vermir.
AZƏRTAC xəbər verir ki, bunu “Beynəlxalq bitki sağlamlığı ili” ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda keçirilən regional videokonfransda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.
Onun sözlərinə görə, təkcə işğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i dünyanın heç bir yerində təbii halda bitməyən endemik bitkilərdir: “Bu illər ərzində biz çox zəngin araşdırmalardan məhrum olmuşuq. İnanırıq ki, çox yaxın zamanlarda biz tədqiqatları işğaldan azad olunmuş torpaqlarda da apara biləcəyik”.
Muxtar Babayev bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və digər qurumlarla birlikdə “Qırmızı kitab”ın üçüncü nəşrinin hazırlanmasına başlayıb. Kitabın hazırlanmasında böyük tədqiqat işləri aparılacaq: “Həm aidiyyəti qurumlarla birlikdə çöl işləri, həm də işğaldan azad olunmuş torpaqlarda olan bitkilərlə bağlı tədqiqatlar aparılacaq. Bununla yanaşı, araşdırılmalı olan sahələrdən biri də mineral resurslar, təbii ehtiyatlardır. Onlar da uzun müddətdir ki, tədqiqatlardan kənarda qalıb. Orada da təbii resurslarımızın, su ehtiyatlarımızın araşdırılması və onların bitkilərə təsirinin öyrənilməsi vacibdir”.
“Erməni işğalçılarının tapdağı altında qalmış 43 min hektar sahəsi olan xüsusi mühafizə olunan təbiət ərazilərində - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında “Azərbaycan Respublikasının Qırmızı kitabına” daxil edilmiş 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib”, - deyə M.Babayev qeyd edib.

Ekologiya 2020-10-20 14:11:00