×
A
A
A
Sazlamalar

“Azərbaycanda milli kvalifikasiyalar çərçivəsinin icrasına dəstək” layihəsinin konfransı keçirilib

Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də Avropa İttifaqı (Aİ) ilə birgə icra olunan, təhsil və təlim sisteminin keyfiyyətini artırmaq məqsədinə xidmət edən “Azərbaycanda milli kvalifikasiyalar çərçivəsinin (MKÇ) icrasına dəstək” layihəsinin onlayn formatda yekun konfransı keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konfransı giriş sözü ilə açan nazir Emin Əmrullayev Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda apardığı uğurlu əməliyyatlardan bəhs edib. Nazir təəssüf hissi ilə Ermənistanın təcavüzü nəticəsində məktəblilərin həlak olduğunu və yaralandığını, məktəblərin mütəmadi atəşə məruz qaldığını bildirib. Təhsil naziri hərbi vəziyyət rejimi, eləcə də “COVID-19” pandemiyasının məhdudiyyətləri çərçivəsində təhsilin təşkili və təhsil sisteminin qarşısında duran vəzifələrdən danışıb.
Nazir iqtisadiyyatın inkişafı və diversifikasiyası baxımından səriştə əsaslı kadr hazırlığı prosesində işəgötürənlərlə təhsilverənlər arasında əməkdaşlığın möhkəmləndirilməsinin, peşə təhsilinə diqqətin artırılmasının, qeyri-formal və informal təhsilin tanınmasının əhəmiyyətindən bəhs edib.
Emin Əmrullayev son illərdə Təhsil Nazirliyinin Təhsil İnstitutu ilə birlikdə həyata keçirdiyi səriştə əsaslı və bacarıqların inkişafına hədəflənmiş “Peşə təmayüllü siniflər” və “STEAM” layihələri barədə danışıb.
Təhsil naziri ölkəmizdə MKÇ-nin geniş şəkildə icrasını təmin etmək məqsədilə sözügedən layihə çərçivəsində müvafiq hüquqi-normativ-institusional bazanın yaradılması, qeyri-formal və informal yollarla əldə edilən səriştələrin tanınması, səriştə əsaslı peşələr üzrə pilot təlimlərin keçirilməsi, müvafiq tədris resurslarının hazırlanması və keyfiyyətin təminatı sahəsində aparılmış işləri yüksək qiymətləndirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Ermənistanın mülki əhaliyə qarşı terror həyata keçirməklə beynəlxalq humanitar normaları kobud şəkildə pozduğunu da qeyd edib. O bildirib ki, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatının dinamik inkişafına, habelə iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun yeni dəyər yaradan sahələrinin tərəqqisinə nail olunub. Bu proseslər əmək bazarında rəqabətqabiliyyətli və yüksəkixtisaslı kadrlara tələbatı artırır və bununla əlaqədar peşə təhsili və təlimi sisteminin bu tələbata uyğun qurulmasının vacibliyini şərtləndirir. Nazir əmək bazarında aparılan sorğu əsasında iqtisadiyyatın prioritet sahələri üzrə 300 peşə və kvalifikasiya standartı hazırlandığını diqqətə çatdırıb: “Bu ilin sonunadək həmin standartlar təsdiqlənərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlər portalı üzərindən fəaliyyət göstərəcək “Peşə və kvalifikasiya standartlarının reyestri”ndə yerləşdiriləcək”.
Sahil Babayev qeyd edib ki, peşə və kvalifikasiya standartlarının tətbiqi təhsil proqramlarının dəyişən əmək bazarının tələblərinə uyğunlaşdırılmasında əsas rola malikdir. Növbəti il daha 350 peşə və kvalifikasiya standartının hazırlanması üçün artıq müvafiq işlərə başlanılıb. Həmçinin nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin 4 regional Peşə Təhsili Mərkəzinin olduğunu və onların sayının 2030-cu ilədək 10-a çatdırılacağını bildirib.
Nazir “Azərbaycanda milli kvalifikasiyalar çərçivəsinin icrasına dəstək” layihəsi çərçivəsində görülmüş işlərin əmək bazarı və təhsil sistemi üçün əhəmiyyətini vurğulayıb. Nazirliyin mütəxəssislərinin də yaxından iştirak etdiyi layihə üzrə 24 peşə və 24 kvalifikasiya standartının, müvafiq olaraq kurikulumların hazırlandığını deyib.
Avropa İttifaqı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxışında sürətlə inkişaf edən cəmiyyətdə ömürboyu təhsilə çıxış imkanlarının çevik, alternativ yollar, qeyri-formal və informal təhsilin tanınması yolu ilə yaxşılaşdırılması üçün böyük tələbat olduğunu bildirib. Avropa İttifaqının Azərbaycanda tələbəyönümlü və səriştə əsaslı təhsil sisteminin Aİ standartlarına yaxınlaşdırılmasını dəstəklədiyini vurğulayıb. K.Yankauskas layihənin fəaliyyətlərinin milli kvalifikasiyalar çərçivəsində nəzərdə tutulan məqsədlərin-təhsilalanlar, işəgötürənlər və təhsil təminatçıları üçün asan qavranılması, kvalifikasiyalara etimadın gücləndirilməsi, əvvəlki təhsilin tanınması və kreditlərin köçürülməsi yolu ilə ömürboyu təhsilin dəstəklənməsi kimi məqsədləri əhatə etdiyini diqqətə çatdırıb.
Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov müvafiq çərçivədə keçirilmiş pilot layihələrin nəticələrinə dair çıxış edib, layihənin texniki yardım qrupunun rəhbəri Trevor Kuk və baş eksperti İlkin Nəzərov qanunvericilik, institusional tərəfdaşlıq və maraqlı tərəflərin cəlb olunması fəaliyyəti ilə bağlı təqdimat ediblər.

Elm və təhsil 2020-10-20 13:15:00