×
A
A
A
Sazlamalar

Türk Şurasının baş katibi Ermənistan ordusunun Gəncədə törətdiyi barbarlığın şahidi olub

Gəncə, 20 oktyabr, M.Əlioğlu, AZƏRTAC

Türk Şurasının baş katibi Bağdad Amreyev Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində dağılan evlərə baxıb.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, baş katib sentyabrın 27-də mülki əhaliyə qarşı hərbi təxribata əl atan Ermənistan silahlı qüvvələrinin Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, infrastrukturu, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən intensiv atəşə tutaraq mülki obyektlərə ciddi ziyan vurması barədə məlumatlandırılıb.
Qeyd edilib ki, oktyabrın 11-də düşmənin məqsədli şəkildə Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan – SCUD raketlərindən atəşə tutması nəticəsində 5-i qadın olmaqla, 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 40-dək insan yaralanıb. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.
Ermənistan silahlı qüvvələri həmin hadisədən bir həftə sonra, oktyabrın 17-də gecə saat 1 radələrində də Gəncənin mərkəzi hissəsini raket atəşinə tutub. Nəticədə 13 nəfər həlak olub, 45-dən çox dinc sakin yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda zərər vurulub.
Türk Şurasının baş katibi dağılan evlərə, infrastruktur obyektlərinə baxıb, erməni barbarlığının izləri ilə tanış olub.

2020-10-20 12:48:00