×
A
A
A
Sazlamalar

Nazir: Ermənistanın təcavüzkar mövqeyi Cənubi Qafqazın gələcəyini təhdid edən əsas təhlükə mənbəyinə çevrilib

Bakı, 20 oktyabr, AZƏRTAC

Ermənistanın təcavüzkar mövqeyi Cənubi Qafqaz regionunun gələcəyini təhdid edən əsas təhlükə mənbəyinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Energetika naziri Pərviz Şahbazov deyib. Nazir bildirib ki, Azərbaycan Ordusunun Ermənistanın təxribatlarına qarşı əks-hücum əməliyyatlarını uğurla həyata keçirərək torpaqlarımızı işğaldan azad etdiyi bu tarixi günlərdə regionun təhlükəsizliyi və onun təmin olunmasında enerji amilinin rolu xüsusilə aktuallıq qazanır. Çünki hazırda ölkəmizin apardığı haqq savaşının əsas məqsədlərindən biri də ədalətin bərpası ilə yanaşı, Azərbaycanın səyləri nəticəsində regionda qazanılmış sabitlik və inkişaf mühitinin dayanıqlılığının təmin edilməsi və gələcək üçün təhlükələrin aradan qaldırılmasıdır: “Ermənistanın təcavüzkar mövqeyi illərdən bəridir ki, Cənubi Qafqaz regionunun gələcəyini təhdid edən əsas təhlükə mənbəyinə çevrilib. Ərazilərimizin işğalı beynəlxalq hüquq normalarının, bir milyon vətəndaşımızın insan hüquq və azadlıqlarının pozulması ilə bərabər, regionun imkanlarından, iqtisadi potensialından tam istifadəni də əngəlləyir, eyni zamanda, əldə edilmiş nailiyyətlər üçün təhdidlər yaradır. Son hərbi əməliyyatlar zamanı beynəlxalq humanitar hüquqa, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasına, onun Əlavə protokollarının tələblərinə və humanitar atəşkəs razılaşmasına zidd olaraq Ermənistan tərəfindən dinc əhalinin, mülki obyektlərin, eləcə də strateji əhəmiyyətli enerji infrastrukturunun davamlı atəşə tutulması bunun bariz nümunələridir”.
Energetika naziri qeyd edib ki, terroru dövlət siyasətinə çevirmiş Ermənistan Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan və energetiklərin peşə bayramı üçün də tarixi əsas rolunu oynayan “Azərbaycan” istilik elektrik stansiyasını (İES), ölkəmizin ən böyük su elektrik stansiyası olan “Mingəçevir” su elektrik stansiyasını (SES) də davamlı hədəfə alır, həmçinin yaşayış məntəqələrimizin raket atəşinə tutulması elektrik qurğularının və müxtəlif gərginlikli elektrik xətlərinin vurulması faktları ilə müşayiət olunur. “Yeni ərazilər uğrunda yeni müharibə” ritorikasını Dağlıq Qarabağdan yüz kilometrlərlə uzaqlıqda yerləşən, regionu qərblə birləşdirən geosiyasi və iqtisadi əhəmiyyətli enerji-kommunikasiya xətlərinin keçdiyi Tovuz istiqamətində hərbi təxribatlar müstəvisinə keçirən Ermənistan bu günlərdə bənzər uğursuz cəhdlərini Yevlax istiqamətində də təkrarladı. Raket atəşlərinin hədəfi kimi Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz Boru kəməri və Qərb İxrac Boru kəmərinin seçilməsi ilə bu təxribatların miqyasca tək Azərbaycanla məhdudlaşmayan, regional və qlobal əməkdaşlığa, enerji təhlükəsizliyinə, beynəlxalq şirkətlərin və dövlətlərin maraqlarına qarşı yönəlmiş terror cəhdi olduğunu bir daha göstərdi. Məlumdur ki, bu layihələr Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılsa da, missiyası etibarilə qlobal enerji təhlükəsizliyi sisteminin elementləridir. Bu sistemdə Azərbaycanın mövqeyini möhkəmləndirən və iqtisadi gücünü artıran digər bir layihənin - Cənub Qaz Dəhlizinin tam istismara veriləcəyi bir tarixdə belə təxribatlar Avropanın diversifikasiya məqsədini də hədəfə almış olur. Ermənistanın məlum davranışları göstərir ki, regionun aydın gələcəyinin müəyyənləşməsi bu ölkənin aqressiyasına son qoyulmasından keçir. Bu gün Azərbaycanın hərbi və diplomatik gücü də işğalın aradan qaldırılmasına, ədalətin və regionda təhlükəsizlik mühitinin bərqərar olmasına yönəlib: “Eyni zamanda, torpaqlarımızın işğaldan azad edilməsi qarşımızda yeni vəzifələr, fəaliyyət planları müəyyənləşdirir. Biz azad edilmiş torpaqlarımızdakı hər evə qayıdış planına uyğun olaraq işıq, enerji, həyat gətirmək üçün daha böyük əzmlə çalışmalıyıq”.

Energetika 2020-10-20 12:26:00