×
A
A
A
Sazlamalar

Həndbolçularımız koronavirus pandemiyası ilə əlaqədar açıq məkanlarda hazırlığı davam etdirirlər

Bakı, 20 oktyabr, AZƏRTAC

Koronavirus pandemiyası ilə əlaqədar qapalı idman qurğularında məşqlərə və yarışlara qadağa tətbiq olunduğundan idmançılar açıq məkanlarda hazırlığı davam etdirirlər.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, məqsəd ölkə çempionatının startınadək idmançıların fiziki bacarıqlarının lazımi səviyyəyə çatdırılmasıdır.
Bu səbəbdən həndbol üzrə ölkə çempionatlarına da hələ start verilməyib. Komandalarımız Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda yeni mövsümə hazırlıq prosesi keçirlər.
Sentyabrdan başlanan məşqlərdə 8 komanda iştirak edir. Qadınlardan ibarət “Azəryol”, “Azərsu”, “Qarabağ” və “İdman Akademiyası”, kişilərdən ibarət “Məhsul”, “Təhsil”, “Bakı” və U-18 komandaları həftədə bir neçə dəfə olmaqla məşqə çıxırlar.
İşğal altında olan torpaqlarımız uğrunda gedən Vətən müharibəsində ordumuzun qazandığı qələbələr, bütün idman ictimaiyyəti kimi həndbolçularımızı da ruhlandırıb. Onlar da müzəffər Azərbaycan Ordusuna dəstəklərini ifadə ediblər.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

İdman 2020-10-20 12:25:00