×
A
A
A
Sazlamalar

Nazirlik: Düşmən vətəndaşlarımıza elektron poçt üzərindən uğursuz “fişinq” hücumlar edir

Bakı, 20 oktyabr, AZƏRTAC

Ermənistan tərəfindən elektron poçt üzərindən uğursuz “fişinq” hücum cəhdləri davam edir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu dəfə istifadəçilərə göndərilən “fişinq” xarakterli elektron poçtda guya son dövrdə artan kiberhücumlardan qorunmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya Mərkəzi tərəfindən Xarici İşlər Nazirliyi əməkdaşları üçün xüsusi təlim proqramı hazırlandığı bildirilir. Eyni zamanda, həmin təlimdə iştirak etmək üçün keçidə daxil olaraq korporativ elektron poçt və şifrin daxil edilməsi istənilir. İstifadəçi keçidə daxil olaraq məlumatları təqdim etdikdə həmin məlumatlar kibercinayətkarların əlinə keçir.
Nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti hazırkı vaxtda hər kəsi maksimum diqqətli olmağa, şübhəli keçidlərə daxil olmamağa və hər hansı faylı yükləməməyə və məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlamağa çağırır.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan xahiş edir ki, bu kimi hallarla üzləşdikdə “www.cert.az” saytı və ya “[email protected]” elektron poçt ünvanı vasitəsilə xidmətə məlumat versinlər.

İKT 2020-10-20 11:51:00