×
A
A
A
Sazlamalar

Füzulidən olan məcburi köçkün: Doğma yurdumuzda ocağımız daha da gur yanacaq

Masallı, 19 oktyabr, Bağır Əliyev, AZƏRTAC

İyirmi yeddi ildir ki, Masallı şəhərinin Seybətin yaşayış məhəlləsində məskunlaşmış Füzulidən olan Dayandur Əliyevin ailəsi bir neçə gündür qələbə sevincini yaşayır. Axı, onların doğma yurdu - Füzuli rayonunun Qərvənd kəndi işğaldan azad edilib.
Sevinc hisslərini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən Dayandur Əliyev şad xəbəri televiziyadan eşitdiyini söyləyib: “Füzulinin işğaldan azad olunduğunu eşidəndə göz yaşlarıma hakim ola bilmədim. Elə bil ki, qabaqcadan ürəyimə dammışdı. İki gün öncə, Lənkəran şəhərində məcburi köçkünlər üçün tikilən evdən mənzil təklif olunanda imtina etmişdim. Səmimiyyətimə inanın, çünki ailəlikcə doğma torpaqlarımıza qayıdacağımız günü səbirsizliklə gözləyirdik…”
D.Əliyev o çətin günləri bir daha xatırlayıb: “O ağrı-acılı günləri xatırlamaq elə də asan deyil. Kəndimiz Qərvəndə də çoxlu şəhidlər verdi. Bir həftə yol gəldik. Atam, anam, iki bacım, iki qardaşım və mən. Üç gün atamdan xəbərsiz qaldıq. Bir-birimizi itirmişdik. İki ay İmişli rayonunda qaldıq. Sonra Masallıya gəldik, Seybətində məskunlaşdıq”.
O, sözünə davam edərək daha sonra deyib: “Erməni qəsbkarlarının torpaqlarımızı işğal altında saxlaması səbir kasamızı doldurmuşdu. Köçkünlük dövründə doğmalarımızı bir-bir itirdikcə ümidimiz də tükənirdi. Əmim, nənəm, atam Cəmil kişi yurd həsrətilə dünyasını dəyişəndə düşünürdük ki, biz də bu xəbəri eşitmədən köçüb gedəcəyik. Onların ən böyük arzusu doğma Füzuliyə qayıtmaq idi. İndi isə hədsiz dərəcədə qürurlanırıq. Əsgərlərimiz qisasımızı alır. İnşallah, yenə kəndimizə qayıdarıq. Gözəl təbiəti var Qərvəndin - 15 quyulu kəhrizləri, bulaqları, dərələri, geniş otlaq sahələri...”
44 yaşlı Dayandur Əliyev Füzulinin Qərvənd kənd sakinlərinin əsas məşğuliyyətinin maldarlıq, üzümçülük, taxılçılıq olduğunu vurğulayaraq, şəxsi təsərrüfatında 570 baş xırdabuynuzlu mal-qara bəslədiyini, Dayandur kəndinə dönən kimi yenidən təsərrüfatını quracağını diqqətə çatdırıb.
O, söhbəti nikbin notlarla tamamlayıb: “Şükürlər olsun, Böyük Allahımıza! Məcburi köçkün statusundan qurtulduq, gələcək nəslə deməyə sözümüz var: Biz qələbə çaldıq! Uşaqlıqdan hər cığırına bələd olduğum o ərazilərə - Füzuliyə, Qərvəndə getmək üçün səbirsizlənirəm. Hər kəsə doğulub boya-başa çatdığı yurdu əzizdir. Bu xoş xəbəri eşidəndən sanki illərdən bəri itirdiyimi tapmış kimiyəm.
Bura da bizim üçün Vətəndir. Masallılar, seybətinlilər bizə doğmadır. Neçə illərdir ki, bu səmimi, qayğıkeş insanlara qaynayıb-qarışmışıq. Onlardan ayrılmaq bizim üçün çətin olacaq. Qardaşlarım Oruc, Bayandur və mən burada ailə həyatı qurmuşuq. Hər birimiz üç övlad atasıyıq. Qardaşım qızı və iki bacım burdakı evimizdən gəlin köçüb.
Peyk vasitəsilə kəndimizin xəritəsinə baxmışam, evimiz uçulub-dağılıb, boş divarları qalıb. Artıq o günlər arxada qalıb. Füzulidə zəfər bayrağımız dalğalanır!
72 yaşlı Minayə anam hər gün Prezidentimiz üçün dua edib deyir ki, Allah dövlətimizin başçısına ömür versin, ona inamımız sonsuzdur, yenə oraları cənnətə çevirərik. Təki yurdumuza dönək. Əminəm ki, Qərvənddəki ocağımız daha da gur yanacaq!”

Regionlar 2020-10-19 19:12:00