×
A
A
A
Sazlamalar

Avstriyada koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər yenidən sərtləşdiriləcək

Vyana, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 23-dən etibarən Avstriyada koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər yenidən sərtləşdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Avstriya federal hökumətinin əyalət qubernatorları ilə iclasında qəbul edilib. Yeni qərara əsasən, qapalı məkanlarda maksimum altı nəfərin toplaşmasına icazə veriləcək. Açıq havada isə bu rəqəm 12 nəfərlə məhdudlaşdırılır.
Hökumətin açıqlamasında bildirilir ki, kütləvi tədbirlərin keçirildiyi məkanlar (opera, teatr və s.) ciddi nəzarət altında fəaliyyətlərini davam etdirəcəklər. Hələlik bu məkanlarda say məhdudiyyəti dəyişilməz olaraq qalacaq, qapalı məkanlarda hər bir iştirakçının bəlli yerlə təmin olunduğu tədbirlərdə iştirakçı sayı 1000 nəfər, açıq havadakı bu tip tədbirlərdə 1500 nəfər olaraq müəyyən edilib.
Federal Kansler Sebastian Kurts qeyd edib ki, hazırkı yoluxma trendi (gündəlik təxminən 1000-1200) bu templə davam edərsə, dekabr ayında ölkədə gündəlik yoluxma sayı altı min nəfərə çata bilər. Ona görə də hər bir vətəndaş öz üzərinə düşən məsuliyyəti, sosial məsafə qaydaları və fərdi gigiyenaya ciddi riayət etməli, yoluxma hallarının səhiyyə sistemini çətin vəziyyətə salmasına imkan verməməlidir.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

Dünya 2020-10-19 16:55:00