×
A
A
A
Sazlamalar

Erməni terroru qurbanlarının xatirəsi Tbilisidə yad olunub

Tbilisi, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da Gürcüstanın paytaxtı Tbilisidə Ermənistanın Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə raket hücumları nəticəsində həlak olanların xatirəsi ehtiramla yad edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında terror qurbanlarının fotoşəkillərindən ibarət xüsusi lövhə quraşdırılıb.
Elektron lövhədə isə Azərbaycan Ordusunun qələbələri ilə yanaşı, Gəncənin atəşə tutulması ilə bağlı videoçarx nümayiş etdirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə açılan lövhələri gün ərzindən yüzlərlə sakin izləyib.
Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan nümayəndəliyinin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin, Gürcüstan Azərbaycanlı İş Adamları Birliyinin, “Borçalı İrəli” İctimai Birliyinin və digər ictimai təşkilatların nümayəndələri, tələbə-gənclər, uşaqlar lövhələrin qarşısına tər qərənfillər, uşaq oyuncaqları düzüb, şəhidlərin və terror qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Məktəblilər lövhə üzərində Azərbaycan bayrağının rəsmini çəkib, “Gəncə biz səninləyik!”, Qarabağ Azərbaycandır!” şüarları yazıblar.
Səfir Faiq Quliyev soydaşlarımız və şəhər sakinləri ilə görüşüb, Azərbaycana verdikləri dəstəyə və terroru qınadıqlarına görə onlara minnətdarlığını bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Cəmiyyət 2020-10-19 15:05:00