×
A
A
A
Sazlamalar

Zərdabda 3 kəndin yolu yenidən qurulub VİDEO

Bakı, 19 oktyabr, AZƏRTAC

Zərdab rayonunda 7 kilometr uzunluğunda yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması işləri yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu, respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 32-ci kilometrindən ayrılan Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yoludur. Sözügedən avtomobil yolu IV texniki dərəcəlidir və 3 kəndin 4 mindən artıq əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir.
Torpaq işləri 70 min kvadratmetr sahəni əhatə edib, yol əsasının inşası işləri görülüb. Yolboyu müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılıb və izolyasiyası işləri aparılıb. Tikinti layihəsinə uyğun olaraq, növbəti mərhələlərdə yolun 40 min kvadratmetr sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət və 12 santimetr qalınlıqda asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Zəruri yerdə avtobus dayanacağı tikilib, siqnal dirəyi, yol nişanı və məlumatverici lövhə quraşdırılıb, xətlənmə işləri aparılıb.
Zərdab rayonunun Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolunun yenidən qurulması yolboyu yaşayan əhalinin respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yoluna çıxışını təmin etməklə istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara rahat gediş-gəlişinə şərait yaradacaq, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yük və sərnişin daşımasını asanlaşdıracaq.

Regionlar 2020-10-19 11:35:00

Video