×
A
A
A
Sazlamalar

DTX: Həqiqəti əks etdirməyən məlumatların yayılması ümumi işimizə əngəl törədir

Bakı, 19 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) dəqiqləşdirilməmiş məlumatların yayılmaması ilə bağlı sosial şəbəkə istifadəçilərinə müraciət edib.
AZƏRTAC xəbər verir ki Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ictimai əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub ki, sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək düşmənə sarsıdıcı zərbələr endirir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin televiziya ilə xalqa müraciətlərində və sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə düşməndən azad edilmiş şəhər və kəndlərimiz, ələ keçirilmiş döyüş mövqeləri, hərbi texnika və silah-sursatlar barədə vətəndaşlarımıza mütəmadi məlumatlar verilir. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar və ön xətdəki yerdəyişmələr barədə Müdafiə Nazirliyi tərəfindən gün ərzində bir neçə dəfə əhali rəsmən məlumatlandırılır.
Bütün bunlara baxmayaraq, ayrı-ayrı sosial şəbəkələrdə Azərbaycan Ordusunun bəzi yaşayış məntəqələrini işğaldan azad etməsinə və digər əməliyyatlarına dair həqiqəti əks etdirməyən məlumatların yayılması ümumi işimizə əngəl törətməklə qələbənin asanlıqla qazanılması kimi cəmiyyətdə yanlış təsəvvürlərin və arxayınçılığın formalaşmasına zəmin yaradır. Vətəndaşlarımızın qələbə əhvali-ruhiyyəsinin yüksək olmasını, ərazilərimizin tez bir zamanda düşməndən azad edilməsi kimi müqəddəs arzularını anlayışla qarşılayaraq, onlardan yalnız rəsmi məlumatlara istinad etmələri, dəqiqləşdirilməmiş məlumatları yaymamaları xahiş olunur.
Unutmayaq ki, biz məkrli düşmənlə üz-üzəyik, döyüş əməliyyatları barədə xoş məramla işlədilmiş qeyri-dəqiq məlumatlar da erməni tərəfinin mənafeyinə xidmət edə bilər.

Sosial 2020-10-19 10:55:00