×
A
A
A
Sazlamalar

Tərtərçayın Sol Sahil və Xanarx kanallarının yenidən qurulması üçün məsləhətçi layihə şirkətinin seçilməsi məqsədilə tender elan edilib

Bakı, 19 oktyabr, AZƏRTAC

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızın erməni qəsbkarlarının işğalından azad edilməsi uğrunda apardığı əks-hücum əməliyyatları nəticəsində bir çox ərazilərimizin, o cümlədən Suqovuşan kəndinin işğaldan azad olunması və orada yerləşən su anbarından və hidroqovşaqdan əkin sahələrinə suyun verilməsi ölkəmizdə böyük ruh yüksəkliyi ilə qarşılanıb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-a verilən məlumata görə, bunu nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulmuş 22 ədəd hidroqovşaq, kollektor və suvarma kanallarında prioritet layihə olaraq Tərtərçay hidroqovşaq suvarma sisteminə daxil olan Tərtərçay Sol Sahil və Xanarx kanallarının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi üçün məsləhətçi layihə şirkətinin seçilməsi məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tender elanı verilib. Bu kanalların yenidən qurulması ilə Tərtər, Goranboy, Yevlax və Bərdə rayonlarının 20 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq.

Regionlar 2020-10-19 10:10:00