×
A
A
A
Sazlamalar

Yaponiya Baş nazirinin Vyetnama səfəri başlayıb

Tokio, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da Yaponiyanın Baş Naziri Yoşihide Suqanın Vyetnama rəsmi səfəri başlayıb. Bu, Y.Suqanın Baş Nazir vəzifəsini tutmasından sonra ilk xarici səfəridir.
AZƏRTAC xəbər verir ki, həmin gün Yaponiyanın Baş Nazirinin Hanoyda vyetnamlı həmkarı Nguyen Xuan Phukla görüşü nəzərdə tutulur.
Qeyd edək ki, Y.Suqa Vyetnama bazar günü gəlib. Onun Hanoyda Yaponiyanın Cənub-Şərqi Dövlətlər Assosiasiyası (ASEAN) ilə siyasəti barədə mühazirə oxuyacağı da bildirilir. Gələn aydan ASEAN-a Vyetnamın sədrlik dövrü başlanır.
Vyetnamın Baş Naziri ilə görüşdə müzakirə ediləcək məsələlərə gəlincə isə Y.Suqa azad və açıq Hind-Sakit okean regionunun yaradılması üçün bu ölkə ilə əməkdaşlığı təsdiq etmək niyyətindədir.
Bununla yanaşı, Y.Suqanın Vyetnamla təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək istiqamətində müzakirələr aparacağı da bildirilir. Liderlərin Vyetnama yeni hərbi texnikanın verilməsi və texnoloji əməkdaşlıq məsələlərini müzakirə edəcəyi də gözlənilir.
Qeyd edilir ki, Yaponiyanın Baş Naziri Vyetnamla iqtisadi əməkdaşlığı da gücləndirməyə çalışır. Belə ki, Yaponiya koronavirus pandemiyası dövründə bu ölkəyə tibbi maskaların və digər məhsulların çatdırılması zəncirini möhkəmləndirmək istəyir.
Eyni zamanda, liderlərin iki ölkə arasında işgüzar səfərlərin bərpası ilə bağlı fikir mübadiləsi aparacağı da bildirilir.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2020-10-19 07:31:00