×
A
A
A
Sazlamalar

Ağdam sakini: Ordumuza böyük güvənimiz, qələbəyə inamımız var

Ağdam, 18 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənistan hərbçilərinin Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində yaşayış evlərinə, yardımçı binalara, məktəblərə, mağaza və digər obyektlərə, elektrik və qaz təsərrüfatlarına, aqrar sahəyə ziyan dəyib. Lakin düşmənin terror əməllərinə baxmayaraq cəbhə bölgəsində yaşayan sakinlərdə böyük ruh yüksəkliyi var. Onlar Azərbaycan Ordusunun gücünə, Ali Baş Komandana və dövlətimizə güvənir, qələbənin uzaqda olmadığına inanırlar.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, Ağdam rayonunun Qaradağlı kəndi düşmənin ən çox hədəfə aldığı yaşayış məntəqələrindəndir. Kənd ötən axşam da ermənilərin artilleriya atəşinə məruz qalıb. Atılan mərmilərdən biri kənd sakini Mehman Ağaməmmədova məxsus evin həyətinə düşüb. Mərmi evə və meyvə ağaclarına ziyan vurub, həyətdə olan ev quşları tələf olub.
Mehman Ağaməmmədov deyib: "Bu, həyətimizə düşən üçüncü mərmidir. 2016-cı ilin Aprel döyüşləri zamanı da düşmənin atdığı mərmilərdən biri evimin yaxınlığında partlayaraq xeyli ziyan vurmuşdu. Bir neçə gün əvvəl və ötən axşam da həyətimizə iki mərmi düşdü. Düşmənin bu təxribatları bizi qorxutmur, ruhdan salmır. Ali Baş Komandana, ordumuza böyük güvənimiz, qələbəyə inamımız var. Əminik ki, tezliklə çoxdan gözlədiyimiz qələbə sevincini yaşayacağıq.

Regionlar 2020-10-18 16:05:00