×
A
A
A
Sazlamalar

Xəzər dənizinin limanları arasında rəqabət və Bakı Limanının əhəmiyyəti


Bakı, 18 oktyabr, AZƏRTAC
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Orxan Bağırovun “Xəzər dənizinin limanları arasında rəqabət və Bakı Limanının əhəmiyyəti” adlı məqaləsi ABŞ-ın “Jamestown” Fondu tərəfindən çap edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə əsas diqqət Xəzəryanı ölkələr tərəfindən Xəzər dənizində son illərdə həyata keçirilən liman layihələrinə yönəldilib. İlk növbədə Rusiyanın yeni Laqan limanı layihəsinin xüsusiyyətləri və Rusiya üçün əhəmiyyətindən bəhs edilir. Qeyd edilir ki, son zamanlar Rusiyanın digər limanlarında yaşanan problemlər, yük qəbuletmə imkanlarının azalması və limanların qışda donması Rusiya üçün Laqan limanının tikintisini zəruri edib. Daha sonra digər Xəzəryanı ölkələr- Türkmənistan, Qazaxıstan və İran tərəfindən son illərdə Xəzər dənizində həyata keçirilən liman layihələri haqqında məlumat verilir. Bildirilir ki, bu ölkələr tərəfindən tikilən və ya genişləndirilən limanlar yük qəbul etmək üçün geniş imkanlara malik olsa da, Xəzər dənizində ən böyük liman Azərbaycan tərəfindən tikilən Bakı limanıdır. Onun üstün xüsusiyyəti kimi Azərbaycanın əsas avtomobil və dəmiryollarının kəsişməsində yerləşməsi göstərilir və qeyd edilir ki, limana gələn yüklər birbaşa Bakı-Tbilisi-Qars (BTQ) dəmiryoluna istiqamətləndirilməklə bir həftədən az müddətdə Avropaya çata bilir.
Məqalədə Xəzəryanı ölkələrin liman layihələri üzərində işləməsinin əsas səbəbi kimi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Yolu ilə Beynəlxalq Şimal Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyətinin artması göstərilir. Qeyd edilir ki, Xəzəryanı ölkələr özlərinin infrastrukturunu inkişaf etdirməklə Avropa və Asiya arasında yük daşımalarında əsas vasitəçiyə çevrilmək istəyirlər. Bu, eyni zamanda Xəzər dənizində rəqabət mühiti formalaşdırır.
Məqalədə diqqətə çatdırılır ki, buna baxmayaraq, bu rəqabət mühitində Azərbaycan üstünlüyə malikdir. “Birincisi, bu, onunla bağlıdır ki, Azərbaycan artıq bütün zəruri nəqliyyat infrastrukturunu formalaşdırıb. Şərqdən gələn yüklər Bakı Limanı və BTQ vasitəsilə 12 gün ərzində Avropaya çatır. İkincisi, Azərbaycanın coğrafi mövqeyi imkan verir ki, Azərbaycan həm şimal-cənub, həm də şərq-qərb nəqliyyat koridorlarının iştirakçısına çevrilsin. Qazaxıstan və Türkmənistanın coğrafi mövqeyi əsasən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Yolunda iştiraka imkan verir. Digər tərəfdən isə İran və Rusiya daha çox Beynəlxalq Şimal Cənub Nəqliyyat Dəhlizi çərçivəsində birbaşa əlaqə yaratmaq və bununla da qış aylarında Cənubi Qafqazdan keçən quru yolundan asılılığı azaltmağa çalışır”,- deyə müəllif vurğulayır.
Sonda qeyd edilir ki, Bakı Limanının əsas rəqibinə çevrilə biləcək Laqan portunun gələcəyi sual altındadır: Ona görə ki, onun tikintisi üçün böyük maliyyə vəsaitinə (1.6 milyard ABŞ dolları) və uzun zamana ehtiyac var. Hazırda Laqan limanına böyük maraq göstərən Rusiya və İran bunun tikintisini təşkil etmək üçün kifayət qədər sərbəst maliyyə vəsaitinə malik deyil. Laqan limanının digər potensial investoru olan Çin üçün isə bu porta investisiya yatırıb gözləmək əvəzinə, Azərbaycanın hazır nəqliyyat infrastrukturundan istifadə etmək daha sərfəlidir. Ona görə də yaxın gələcəkdə Bakı Limanı Xəzər dənizində ən faydalı port olaraq qalacaq və Azərbaycanın regionun əsas nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirəcək”.

İqtisadiyyat 2020-10-18 14:59:00