×
A
A
A
Sazlamalar

Firdovsiyyə Əhmədova: Şanlı ordumuzun gücünə inanırıq

Bakı, 17 oktyabr, AZƏRTAC

Beynəlxalq münaqişələr beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənməlidir. BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrə, eləcə də beynəlxalq hüququn prinsip və normalarına məhəl qoymayan Ermənistan 30 ildir ki, işğalçı dövlət mövqeyini saxlamağa davam edir. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova söyləyib.
F.Əhmədova deyib ki, Ermənistan 1994-cü ildən bəri atəşkəs rejiminə də əməl etmədi. Odur ki, BMT səviyyəsində 4 qətnamədən əlavə olaraq təcavüzkar dövlətə növbəti sanksiyalar tətbiq olunmalı idi. Əgər beynəlxalq təşkilat özünün qəbul etdiyi qətnamələrin icrası ilə bağlı heç bir öhdəlik götürmürsə, onun yerinə yetirilməsini təmin etmək yolunda heç bir mexanizm işləmirsə, bu, o deməkdir ki, o qətnamələrin heç bir icra gücü olmayacaq.
Davamlı olaraq atəşkəsi pozan Ermənistanın diplomatik səviyyədə bütün hədləri aşaraq Qarabağla bağlı bəyanatlar yayması Azərbaycanın səbir kasasının daşmasına və haqlı olaraq öz torpaqları uğrunda hərbi əməliyyatlar aparmasına səbəb olur. Münaqişəni sülh yolu ilə deyil, silah yolu ilə çözməyə Ermənistan özü təhrik edirdi. Son bir il ərzində işğalçı dövlət dəfələrlə təxribata əl atdı. Həm Tovuz hadisələri, Paşinyanın Şuşada qondarma andiçmə mərasimində iştirak etməsi, “torpağı sülh yolu ilə əldə etməkdənsə, vuruşun alın” kimi ifadələr səsləndirməsi onu göstərir ki, Ermənistan ardıcıl və şüurlu şəkildə Azərbaycanı münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etmək istədi. Həm beynəlxalq təşkilatlar, həm də ATƏT-in Minsk qrupunun vasitəçiləri, digər dövlətlər vaxtında Ermənistana bu cür bəyanatlarla çıxış etməyin beynəlxalq hüquqa zidd olduğunu deməli idi. Onlar Tovuz hadisələrində Azərbaycanın işğal altında olmayan ərazilərinə bu cür təcavüz cəhdlərini pisləməli idilər. Görmədik ki, Ermənistanın bu əməlləri birmənalı şəkildə pislənsin.
Azərbaycan Prezidenti hər çıxışında, hər beynəlxalq görüşlərində məhz Ermənistan tərəfinin apardığı təcavüzkar siyasəti pisləyir və dünya dövlətlərini, beynəlxalq təşkilatları buna reaksiya verməyə çağırır. Beynəlxalq təşkilatlar, münaqişə ilə bağlı həmsədr dövlətlər Ermənistan hakimiyyətini təcavüzkar əməllərindən çəkindirsəydilər, bugünkü mənzərə olmazdı. Bu cür mövqe ilə heç vaxt regionda sülhə nail olmaq mümkün deyil. Əgər onlar həqiqətən sülh istəsəydilər çoxdan real, ədalətli davranışları ilə, beynəlxalq hüququn regionda işləməsinə nail ola bilərdilər. Azərbaycan tərəfinin haqlı olduğu, apardığı hərbi əməliyyatların da beynəlxalq hüquqa söykəndiyi həqiqətdir və heç bir dövlətin başçısı buna qarşı çıxa bilməz. Humanitar atəşkəs rejiminin yenicə elan olunmasından dərhal sonra, demək olar ki, elə həmin dəqiqələrdən Ermənistan dövləti öz təcavüzkar siyasətini dayandırmadı. Ermənistan silahlı qüvvələri hücumunu davam etdirir və Azərbaycanın son günlərdə işğaldan azad etdiyi bir sıra əraziləri və strateji mövqeləri yenidən zəbt etməyə cəhd göstərir. Bu məqsədlə də müharibə gedən bölgədən xeyli uzaqda yerləşən Gəncə gecə saatlarında hədəf alındı. Humanitar atəşkəsin elan olunmasından dərhal sonra erməni ordusunun Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə, mülki əhalinin yaşadığı çoxmənzilli binaya raket zərbəsi ilə həmləsi təkcə atəşkəs rejiminin pozulması deyil, həm də bəşəri cinayətdir: Ermənistan tərəfi insanları evlərində gecə yatdıqları vaxtda, uşaqları, qadın və qocaları nəzərə almadan mülki əhalini hədəf aldı. Onlar tərəfindən belə bir cinayətin törədilməsi son 30 il ərzində yeganə təcavüz aktı deyil. Xocalı soyqırımını törətmiş bir düşməndən hər cür amansız, namərd həmlə gözləmək mümkündür. Oktyabrın 17-də Ermənistan Gəncəyə etdiyi növbəti hücumla, gecə saatlarında dinc, silahsız insanların yatdığı bir vaxtda mülki məkanları hədəf alması ilə bəşəri cinayət törətdi. Ermənistan nəinki son 30 il ərzində, hətta son 100 il ərzində hər dəfə verdiyi vədi pozub, nəinki şifahi dediklərinə, həm də imzaladığı sazişlərə belə əməl etməyib.
1918-ci ildə də ermənilər Qarabağın yuxarı hissəsinə iddia etməmək öhdəliyi götürdülər, ancaq bunu dərhal pozdular. 1919-cu ildə Zəngəzurdan qoşunların çıxarılması ilə bağlı saziş imzaladılar, amma çıxmadılar, darmadağın etdilər və qətliam törətdilər. 1988-ci ildən bu günə qədər də dinc əhaliyə, mülki şəxslərə qarşı törətdikləri təcavüzkar əməllərin sayı-hesabı yoxdur. İşğal olunmuş ərazilərin dərhal boşaldılması ilə bağlı ermənilərə sonuncu şans verilib. Amma Gəncə hadisəsi göstərdi ki, onlar humanitar atəşkəsə riayət etmək fikrində deyillər. Ermənilərin bir daha özlərini sülhə meyilli göstərib, danışıqlar yolu ilə məsələnin həll olunmasına tərəfdar çıxıb bu cür terror aktları törətməsi bəlkə də unutqan olan, bu məsələni bilməyən beynəlxalq ictimaiyyətin qoy yenidən gözlərini açsın ki, bu düşmən belə məkrli və namərddir, verdikləri sözə, imzaladıqları sazişə əməl etməyib. Növbəti dəfə onların bəşəriyyəti aldatması baş tutmamalıdır.
“Azərbaycan tərəfinə təzyiqlər edib sülh danışıqlarının bu məsələnin yeganə çözüm variantı olduğunu bildirməyə çalışan həmsədrlər, ayrı-ayrı dövlətlərin ölkəmizdəki səfirləri Gəncədəki real vəziyyəti öz gözləri ilə görüb dövlət başçılarına, təmsil etdikləri qurumlara rəsmi məlumat versinlər ki, reallıq bundan ibarətdir. Söhbət cəbhədən xeyli uzaqda yerləşən bir bölgədə mülki şəxslərə və obyektlərə qarşı bu cür amansız rəftardan gedir. Bu, Azərbaycan xalqının qəzəbini artırır, ruhən isə mütəşəkkilliyinə səbəb olur. Amma bu, düşmən üçün son şansdır. Bu şans isə növbəti dəfə təkrarlanmayacaq.
Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər əvvəl həll edilmiş olardı. Azərbaycan sülh yolunu tapmaq istəsə də, Ermənistan tərəfi əraziləri geri qaytarmayacaqlarını deyirdi. Odur ki, Azərbaycanın tələb etdikləri tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır. Ermənilər zəbt etdikləri ərazilərimizi tərk etməlidir.
Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Şanlı Ordumuzun gücünə inanırıq. Qələbə bizimdir!”, - deyə Firdovsiyyə Əhmədova bildirib.

Elm və təhsil 2020-10-17 18:36:00