×
A
A
A
Sazlamalar

Gənc ekoloqlar Ermənistanın Azərbaycana qarşı ekoloji terroru barədə beynəlxalq ekoloji təşkilatlara açıq məktub ünvanlayıb

Bakı, 17 oktyabr, AZƏRTAC

“EkoSfera” Sosial-Ekoloji Mərkəzin könüllüləri, Azərbaycan Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Yaşıl Şəbəkə” ekoloji hərəkatının gənc üzvləri beynəlxalq ekoloji təşkilatlara Ermənistanın Azərbaycana qarşı ekoloji terroru barədə açıq məktub ünvanlayıblar.
“EkoSfera” Sosial-Ekoloji Mərkəzindən AZƏRTAC-a daxil olan məktubda deyilir: “Azərbaycan Respublikasının müharibə zonasından kənarda yerləşən yaşayış məntəqələrini, strateji əhəmiyyətli obyektlərini - Mingəçevir su anbarı və Mingəçevir SES-i, Bakı-Tbilisi-Ceyhan (BTC), Cənubi Qafqaz Genişlənmiş Boru Kəməri (CQGBK) və Qərb İxrac Boru Kəməri (QİBK)-ni Ermənistan tərəfindən raket atəşləri ilə hədəfə alınması beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulmasının və bu işğalçı ölkənin mənfur terrorist xislətinin bariz nümunəsidir.
Belə ki, müharibə zamanı münaqişə zonası və onun ətrafında olan aqro və biomüxtəlifliyə də ciddi ziyan dəyir. Atılan mərmilər və onların qəlpələri bitki örtüyünün dağılmasına, ağacların qırılmasına, heyvanların kütləvi tələfatına səbəb olur. Torpaq örtüyünün, su hövzələrinin və havanın kimyəvi maddələrlə çirklənməsi həlli mümkün olmayan ekoloji problemlər yaradır. Quşların köç yollarından biri də Kiçik Qafqaz dağları üzərindən keçdiyi üçün münaqişə zonası köç edən quşların kütləvi qırılmasına və köç yollarının dəyişilməsinə gətirib çıxarır. Bu isə o deməkdir ki, hər iki dövlətin qoşulduğu beynəlxalq konvensiyaların tələbləri işğalçı ölkə olan Ermənistan tərəfindən pozulur: Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan su-bataqlıq əraziləri haqqında Konvensiya – Ramsar, İran 1971 (Azərbaycan və Ermənistan tərəfindən ratifikasiya olunub); Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti – Vaşinqton, ABŞ 1973 (Azərbaycan və Ermənistan tərəfindən ratifikasiya olunub) Miqrasiya edən vəhşi heyvan növləri haqqında konvensiya – Bonn, Almaniya 1979 (Azərbaycan və Ermənistan tərəfindən ratifikasiya olunub); Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında Avropa konvensiyası – Bern, İsveçrə 1979 (Azərbaycan və Ermənistan tərəfindən ratifikasiya olunub); Bioloji müxtəliflik haqqında konvensiya – Rio da Janeyro, Braziliya 1992 (Azərbaycan və Ermənistan tərəfindən ratifikasiya olunub); Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında konvensiya – Fransa, Paris 1993 (Azərbaycan və Ermənistan tərəfindən ratifikasiya olunub); Bitki mühafizəsi haqqında beynəlxalq Konvensiya – Roma, İtaliya 1951 (Azərbaycan və Ermənistan tərəfindən ratifikasiya olunub).
Azərbaycanın həm içməli su, həm suvarma, həm çay sularının, həm də enerji mənbəyi kimi istifadə olunan suların idarə olunmasında Mingəçevir su anbarı çox böyük əhəmiyyətə malikdir. Ermənistan tərəfindən region üçün strateji əhəmiyyətli Mingəçevir su anbarı və SES-in hədəf seçilməsi nəticəsində baş verə biləcək hər hansı bir ekoloji böhranı təsəvvür etmək çox çətindir.
Ermənistan silahlı qüvvələrinin mühüm dağıntılara səbəb ola bilən silahlardan istifadə etməsi nəticəsində raketin içində olan bombacıqlar Yevlax rayonunun Aran qəsəbəsindən keçən Cənub Qafqaz Genişlənmiş Boru Kəmərinin üzərinə, bir hissəsi həmin ərazidən keçən Qərb İxrac Boru kəmərindən 120 metr məsafəyə, digər hissələri isə həmin qəsəbədən keçən Bakı-Tbilisi-Ceyhan neft kəmərindən 100 metr məsafəyə səpələnib. Yüksək təzyiqli neft və qaz boru kəmərlərinin zədələnməsi təkcə Azərbaycan iqtisadiyyatında deyil, həmçinin Avropanın enerji təminatında ciddi problemlərin yaranmasına gətirib çıxara bilər. Baş verə biləcək xoşagəlməz hadisə zamanı ətraf mühitə külli miqdarda xam neftin axması və ya qazın havaya qarışmasının torpaq örtüyünə, atmosferə və biomüxtəlifliyə əhəmiyyətli dərəcədə mənfi təsirləri qaçılmazdır. Boru xətləri əsasən əkin sahələrindən keçdiyi üçün kənd təsərrüfatına da ciddi ziyan dəyə bilər.
Cenevrə Konvensiyasının (1949) I Protokolunda yer alan ətraf mühitin qorunması və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda ətraf mühitə dəyən ziyan haqqında (Maddə 8 (2) (b) (iv)) bəndlərini pozan Ermənistan hökumətinin beynəlxalq hüquq normaları çərçivəsində cəzalandırılmaları istiqamətində zəruri tədbirlər görülməlidir.
Biz, bu gün Ermənistanın Azərbaycana qarşı ekoloji terror həyata keçirməsi, işğal edilmiş ərazilərimiz də daxil olmaqla, təbii resursları kortəbii şəkildə istismar etməsi, ətraf mühitin ekoloji tarazlığını pozması və istehsal tullantıları ilə içməli su hövzələrini çirkləndirməsi barədə dünyanın bütün ekoloji təşkilatlarının və geniş ictimaiyyətin məlumatlandırılmasını həyata keçirməyə, eləcə də, yuxarıda qeyd olunanların təsir və nəticələrini ictimaiyyətə və beynəlxalq qurumlara çatdırmaq məqsədilə hər kəsi BMT-nin 6 noyabr (Dünya silahlı münaqişələrdə ətraf mühiti qoruma) gününə həsr olunmuş “EkoSfera” Sosial-Ekoloji Mərkəzin könüllüləri və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Yaşıl Şəbəkə” ekoloji hərəkatının gənc üzvləri tərəfindən Ermənistanın aqressiv-terrorçu niyyətlərinə qarşı etirazınızı bildirməyə səsləyirik”.

Ekologiya 2020-10-17 11:29:00