×
A
A
A
Sazlamalar

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın milli sərvətidir

Naxçıvan, 16 oktyabr, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, milli maraqlara əsaslanan çoxşaxəli siyasət strategiyası bu gün dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Bu siyasi xətt Azərbaycan dövlətçiliyinin güclənməsinə, ölkənin milli maraqlarının qorunmasına misilsiz töhfələr verir.
Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda keçirilən elmi konfransda bu fikirləri bölmənin sədri, akademik İsmayıl Hacıyev səsləndirib.
18 Oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibəti ilə AMEA-nın Naxçıvan Bölməsində təşkil edilən tədbirdə akademik ötən illərdə müstəqil Azərbaycan dövlətinin bərpası, milli dövlətçilik ənənələrinin qorunması, siyasi, iqtisadi islahatların həyata keçirilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərdən danışıb. Bildirib ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” 1991-ci il oktyabrın 18-də qəbul edilsə də və bu çox mühüm siyasi aksiya, tarixi qərar sayılsa da, hələ müstəqilliyin özü deyildi. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. 1991-1993-cü illərdə gedən proseslər bunu bir daha təsdiq etdi. Həmin illərdə müstəqilliyin reallığa çevrilməsi üçün gərgin mübarizə aparıldı. Yalnız 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışı ilə bu istiqamətdə dəyişikliklər özünü göstərdi, böhran aradan qaldırıldı, Milli Ordu yaradıldı, atəşkəsə nail olundu. Ümummilli Liderin qətiyyətli qərarları ilə vətəndaş qarşıdurmasına son qoyuldu, ölkənin parçalanmasına yönəldilmiş təhdidlərin qarşısı alındı. Düzgün daxili və xarici siyasət həyata keçirildi, əsaslı iqtisadi islahatlar inkişafa səbəb oldu. Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyası və sosial siyasəti müəyyən edildi və müvəffəqiyyətlə yerinə yetirilməyə başlandı.
İsmayıl Hacıyev vurğulayıb ki, ölkəmizin hərtərəfli və sürətlə inkişafı, əsaslı dəyişiklər, xarici siyasətimizdəki uğurlar, əhalinin rahatlığı naminə həyata keçirilən qlobal layihələr bu gün Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiq edir. Akademik Prezident, Ali Baş Komandan İlham Əliyevin zəfər salnaməsi adlandırdığı Aprel döyüşlərini, bu gün Naxçıvanı qoruyan, təhlükəsizliyini təmin edən Əlahiddə Ümumqoşun Ordunun uğurlu hərbi Günnüt əməliyyatını xatırladıb. Bildirib ki, bu gün Milli Ordumuz 30 ildən sonra silahı ilə Qarabağda zəfər tarixini yazır. Ali Baş Komandan ətrafında sıx birləşən xalqımız ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan bu mücadilədə sıx həmrəylik, birlik nümayiş etdirir. Bu gün hər kəsin bir amalı var: işğal altında qalan torpaqlarımız, Qarabağımız azad edilsin, ölkəmizin ərazi bütövlüyü bərpa olunsun.
Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirləri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisidir”, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun “Müstəqillik ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət”, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilovun “Azərbaycanın müstəqilliyinin bərpa olunması” və tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun “Naxçıvan Muxtar Respublikasında müstəqilliyin bəhrələri” mövzusunda məruzələri dinlənilib. Çıxışlarda ölkəmizdə müstəqillik illərində həyata keçirilən tədbirlərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü fəaliyyətləri ilə sıx bağlı olduğu vurğulanıb.
Konfrans çərçivəsində bölmənin Elmi Kitabxanasının Dövlət Müstəqilliyi Gününə həsr olunan virtual sərgisi nümayiş etdirilib.

Regionlar 2020-10-16 19:19:00