Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

1997-1998-ci illərdə Moldova Respublikasının Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Petru Luçinskidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident,
Dağlıq Qarabağ ətrafında baş verən hadisələri böyük həyəcan və ürəkağrısı ilə izləyirəm.
Mən vəziyyətlə yaxşı tanışam. Çünki hələ 1988-ci ildə SSRİ Ali Sovetinin nümayəndə heyətinin tərkibində Azərbaycana və Ermənistana səfər etmişəm, bir neçə gün Dağlıq Qarabağda olmuşam. Təəssüf ki, o vaxtdan keçən bir neçə onillik ərzində problem öz həllini tapmayıb. Fikrimcə, bunun başlıca səbəbi BMT Nizamnaməsinin əsas prinsiplərindən birinin – dövlətlərin ərazi bütövlüyü prinsipinin pozulması və BMT-nin məlum qətnamələrinin yerinə yetirilməməsidir. Bu səbəbdən təəssüflə deməliyəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransa bu münaqişənin həlli üçün öz təsir imkanlarından istifadə etməyiblər.
Nəticədə yenə insanlar həlak olur, yenə qaçqınlar yaranır, çoxsaylı insanlar bədbəxt olur. Aydın məsələdir ki, sülh yalnız beynəlxalq hüquqa riayət edilməsi nəticəsində bərqərar olacaq. Bunun üçün münaqişə başlayana qədər - 1980-ci illərin əvvəlində mövcud olmuş vəziyyətə qayıtmaq, bu zonada sülh və inkişaf üçün məqbul yollar tapmaq, insanları əvvəlki yaşayış yerlərinə qaytarmaq lazımdır. Hərbi əməliyyatlar nə qədər davam etsə də, hər halda həll yolunu danışıqlar masası arxasında tapmaq lazımdır. İnanmaq istəyirəm ki, bu münaqişənin başa çatması üçün cavabdeh olan hər kəs öz rolunu dərk edəcək və sülhün bərqərar olması üçün əlindən gələni əsirgəməyəcəkdir.
Möhtərəm cənab Prezident, biz - Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri bir ailə kimi Sizin dostlarınızıq. Baş katibimiz və həmsədrlərimiz beynəlxalq siyasətçilərə çox fəal müraciətlər edirlər.
Hörmətlə,

 

Petru Luçinski
1997-1998-ci illərdə Moldova Respublikasının Prezidenti
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Məktublar 2020-10-16 18:54:00