×
A
A
A
Sazlamalar

“Azərsu” ilə “Meliorasiya və Su Təsərrüfatı” ASC-ləri beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal etməsi, ölkəmizə qarşı hərbi əməliyyatlar aparması, yaşayış məntəqələrində dinc əhalini atəşə tutması və təxribat xarakterli hərəkətləri ilə bağlı “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin və “Azərsu” ASC-nin rəhbərləri adından Dünya Su Şurasının İdarə Heyətinin üzvlərinə və şurada təmsil olunan təşkilatların rəhbərlərinə müraciət ünvanlanıb.
“Azərsu”nun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, eyni zamanda, ASC tərəfindən Beynəlxalq Su Resursları Assosiasiyası, Qlobal Su Təsərrüfatı Liderləri Qrupu, Şəhər Su Təsərrüfatının İdarə edilməsi üzrə Regional Mərkəz, Fransanın “Suez Group” şirkəti və Budapeşt Su İşləri İdarəsi, səhmdar cəmiyyətin alimlərinin əməkdaşlıq etdiyi xarici mütəxəssislər Ermənistanın son təxribatları barədə ətraflı məlumatlandırılıb. Müraciətdə qeyd olunub ki, cari il sentyabrın 27-dən indiyədək Ermənistan silahlı qüvvələri Gəncə, Mingəçevir, Tərtər, Ağcabədi, Beyləqan, Horadiz şəhərlərinə və cəbhə zonasında yerləşən kənd və qəsəbələri müntəzəm atəşə tutub. Düşmən tərəfin ağır artilleriyadan, ballistik raketlərdən və istifadəsi qadağan olunan kaset tipli mərmilərdən istifadə etməsi nəticəsində 43 mülki şəxs öldürülüb, 214 nəfər yaralanıb, 277 mülki obyekt, 66 çoxmənzilli yaşayış binası və 1505 fərdi yaşayış evi yararsız hala salınıb.
Ermənistanın hərbi təcavüzünün qarşısını almaq və əhalinin sıx məskunlaşdığı yaşayış yerlərinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Silahlı Qüvvələri özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar prinsiplərə uyğun olaraq adekvat tədbirlər görür.
Müraciətdə qeyd olunub ki, yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində şəhər və kəndlərin su təchizatında da çətinliklər yaranıb. Bəzi yaşayış məntəqələrində hidrotexniki qurğulara, su anbarlarına, subartezian quyularına və paylayıcı şəbəkələrə ziyan dəyib.
Həmçinin müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrini işğalda saxlamasının regional sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığı xüsusi vurğulanıb, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlardan prinsipial mövqe nümayiş göstərərək Ermənistanın təcavüzkar siyasətinin və təxribat xarakterli fəaliyyətinin pislənməsi barədə çağırış olunub.

 

İqtisadiyyat 2020-10-16 18:32:00