×
A
A
A
Sazlamalar

Naxçıvanda təlim yerlərində məşğələlər təşkil edilib

Naxçıvan, 16 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iş planına uyğun olaraq Mülki Müdafiə Alayının bazasında xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin payız-qış mövsümü istismarı şəraitinə keçidi ilə əlaqədar nümunəvi məşğələlər təşkil edilib.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, üç təlim yerində 21 tədris nöqtəsindən ibarət məşğələnin nəzəri hissəsində çıxış edən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin payız-qış mövsümü istismarı şəraitinə keçidi ilə əlaqədar imzalanmış əmrin və təlimnamələrin tələblərini şəxsi heyətə çatdırıb.
Birinci təlim yerində park sənədlərinin, mövsümü keçidlə bağlı sənədlərin işlənilməsi, parkda daxili qayda-qanunun saxlanılması və yol hərəkəti qaydaları sürücü heyətinə çatdırılıb, avtomobil texnikalarına texniki xidmət göstərilən zaman istifadə olunan yanacaq-sürtkü materiallarının məsrəf normaları və onların əvəz olunması qaydaları barədə məlumat verilib. Həmçinin su nasoslarına, elektrostansiyalara, alternativ enerji mənbəli qəza avtomobillərinə, mühəndis ləvazimatlarına, minaaxtaranlara, kəsici alətlərə, qaynaq aparatlarına, xilasedici qayıqlara və dalğıc avadanlıqlarına texniki xidmətin göstərilməsi qaydaları məşğələ rəhbərləri tərəfindən izah olunub.
İkinci təlim yerində mühəndis texnikalarına, qəza-xilasetmə, yük-sərnişin və əməliyyat-minik avtomobillərinə, motosikletlərə, akkumulyator batareyalarına, xüsusi təmizləmə avadanlıqlarına, səhra mətbəxlərinə, rabitə vasitələrinə, eləcə də radiasiya kimya kəşfiyyat cihazlarına və fərdi mühafizə vasitələrinə texniki qulluğun və xidmətin göstərilməsi qaydaları sürücü heyətinin və müvafiq vəzifəli şəxslərin diqqətinə çatdırılıb.
Üçüncü təlim yerində yanğın avtomobilləri və avadanlıqlarına, radiostansiyalara, cihazlara mövsümü xidmətin göstərilməsi, texniki parklarda və qarajlarda yanğın təhlükəsizliyi tədbirlərinə əməl olunması, texniki mayelərdən, turşulardan və qələvilərdən istifadə zamanı ehtimal olunan zəhərlənmələrdə ilk tibbi yardımın göstərilməsi, habelə texnikaların payız-qış mövsümünə keçidi dövründə işin təşkili qaydaları şəxsi heyətə çatdırılıb.
Daha sonra məşğələyə yekun vurulub, xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin payız-qış mövsümü istismarı şəraitinə keçidinin təyin olunmuş müddətdə başa çatdırılması və təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı komandir-rəis heyətinə tapşırıqlar verilib.

Regionlar 2020-10-16 18:16:00