×
A
A
A
Sazlamalar

Fəal gənclər düşmən tərəfindən atəşə tutulan rayonlarımızın sakinləri ilə həmrəylik nümayiş etdiriblər

Bakı, 16 oktyabr, AZƏRTAC

Ölkəmizin gənclər təşkilatlarının rəhbərləri Ermənistan silahlı qüvvələrinin atəşə tutduğu rayonlarımızın sakinləri ilə həmrəylik nümayiş etdirmək üçün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü ilə Gəncə, Mingəçevir, Naftalan və Goranboy, rayonlarına səfər ediblər.
ARGTMŞ-dən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması ilə bağlı gənclərlə söhbət aparmaq, əhalinin əmlakına dəyən zərərlə onları yaxından tanış etmək, həmin yaşayış məntəqələrinin sakinləri ilə həmrəylik nümayiş etdirmək olub.
Səfər zamanı əvvəlcə Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket atəşi nəticəsində dağılmış binanın olduğu əraziyə gələn iştirakçılar sakinlərlə görüşüb, yaxınlarını itirən və yaralanan şəxsləri ziyarət ediblər.
Sonra Goranboy, Mingəçevir, Naftalanda olan nümayəndə heyətinin üzvləri Ermənistan tərəfindən həyata keçirilən genişmiqyaslı təxribatların əhaliyə vurduğu fəsadların ağır nəticələri ilə bilavasitə yerində tanış olublar.
Qeyd edilib ki, bu çətin günlərdə bütün Azərbaycan həm ön cəbhədə, həm də arxa cəbhədə bir məqsəd uğrunda mübarizə aparır. Məhz buna görə də gənclərin birlik nümayiş etdirərək yerli sakinlərə baş çəkməsi çox vacibdir.
Gənclər təşkilatlarının regionlara səfəri zamanı zərərçəkmiş ailələrə sosial yardım paketləri verilib və gənclərlə ruhlandırıcı söhbətlər aparılıb. Eyni zamanda, yerli gənclərdən müsahibələr götürülüb və bayraqlar paylanılıb. Region gəncləri arasında Azərbaycan Ordusuna yüksək dəstək və inam özünü hər şəkildə büruzə verir. Onlar 30 ildir ki, həsrətində olduğumuz torpaqlarımızın işğaldan azad ediləcəyinə böyük inam bəslədiklərini bildiriblər.

Hadisə 2020-10-16 17:38:00