×
A
A
A
Sazlamalar

Astara rayonunda həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutularaq cinayət məsuliyyətinə cəlb olunub

Bakı, 16 oktyabr, AZƏRTAC

Prokurorluq orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq olunaraq açılmasını və təqsirkar şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmasını təmin etməkdir.
Astara Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, rayonun Çayoba kənd sakini, 1964-cü il təvəllüdlü Aslanova Rəhimə Ağacan qızının oktyabrın 1-də yaşadığı evdə üzərində xəsarətlər olan meyitinin aşkarlanması faktı ilə bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Peşəkar prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə zərərçəkmiş şəxsin həmkəndlisi Heydərov Rüstəm Qulamhüseyn oğlunun özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədilə Rəhimə Aslanovanın yaşadığı evə həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Rüstəm Heydərov oktyabrın 15-də Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Hadisə 2020-10-16 17:27:00