×
A
A
A
Sazlamalar

“Auditorların müstəqillik qaydaları” kitabının videokonfrans formatında təqdimatı olub

Bakı, 16 oktyabr, AZƏRTAC

Auditor xidmətinin keyfiyyətinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edən auditorların müstəqilliyinin artırılmasına dəstək məqsədilə Auditorlar Palatası tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanan və nəşr olunan “Auditorların müstəqillik qaydaları” kitabının videokonfrans formatında təqdimat mərasimi keçirilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov sentyabrın 27-dən etibarən Azərbaycan ordusunun Ermənistanın növbəti təxribat xarakterli hücumunun qarşısının alınması, işğalda olan torpaqlarımızın azad edilməsi məqsədilə başlatdığı əks-hücum əməliyyatlarından bəhs edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə və qətiyyəti sayəsində tezliklə zəfər çalacağımıza ümid etdiyini deyib. V.Novruzov nəşr edilən kitab barədə öz fikirlərini bildirərək müstəqilliyin auditin ən əsas prinsiplərindən olduğunu, auditorların öz müstəqilliklərini qorumaqla keyfiyyətli xidmət göstərmələrini və auditə ictimai etimadın səviyyəsinin yüksəldilməsi ilə bərabər dempinq, haqsız rəqabət, auditin nüfuzunun aşağı düşməsi və digər bir sıra xoşagəlməz halların qarşısının alınmasına zəmin yaratmalarını vurğulayıb.
O deyib: “Auditin və mühasibatlığın tənzimlənməsini həyata keçirən beynəlxalq qurumlar auditorların müstəqilliyinin qorunması və müvafiq prosedurların tətbiq edilməsini özündə ehtiva edən normativ metodik materialların hazırlanmasına xüsusi əhəmiyyət verirlər. Bu baxımdan 2018-ci ildə Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) tərəfindən dərc edilmiş mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının hazırladığı “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi” (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) çox mühüm əhəmiyyətə malikdir. Xüsusi vurğulamaq lazımdır ki, ilk dəfə olaraq “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi” “Beynəlxalq Müstəqillik Standartları” ilə birlikdə nəşr olunub. IFAC tərəfindən nəşr olunmuş və 2019-cu ilin sonlarında Auditorlar Palatası tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq dərc edilən “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi”ndə” ehtiva olunmuş müddəaların mahiyyətinin üzvlərimizə, habelə ölkə mühasiblərinə çatdırılması, məcəllənin prinsipləri əsas götürülməklə yeni normativ hüquqi aktların və xüsusi milli sənədlərin hazırlanmasını və tətbiqini ön plana çəkir. Bu baxımdan Auditorlar Palatasının 2020-ci il üzrə iş planına uyğun olaraq yaradılmış işçi qrup tərəfindən “Auditorların və auditor təşkilatlarının müstəqillik qaydaları” işlənib hazırlanıb və sizlərə təqdim edilir”.
V.Novruzov kitabın müəlliflərinə və bu kitabın hazırlanmasında əməyi keçmiş şəxslərə minnətdarlığını bildirib.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının müdiri, professor Sifariz Səbzəliyev, Auditorlar Palatanın Şurası yanında Beynəlxalq Audit Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq standartları üzrə komitənin sədri Namiq Abbaslı, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının prezidenti Nuriyyə Novruzova, Auditorlar Palatası Şurasının üzvü Altay Cəfərov, “Barattson” MMC-nin rəhbəri Elşən Rəhimov, Auditorlar Palatanın Şurası yanında Keyfiyyətə nəzarət üzrə komitənin sədri Vəli Kərimov, Azərbaycan Mühasibat və Risk Peşəkarları Assosiasiyasının idarə heyətinin sədri Günay Şahbazova çıxış edərək kitabın peşənin inkişafında və onun müstəqilliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

 

İqtisadiyyat 2020-10-16 15:18:00