Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yaqut Qarayeva: Hazırda ən qaynar bölgələrdə TƏBİB-in xüsusi işçi qrupu fəaliyyət göstərir VİDEO

Bakı, 16 oktyabr, AZƏRTAC 

Sentyabrın 28-dən başlayaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin üzvləri başda olmaqla və xüsusi işçi qrupları cəbhə bölgəsindədir. Düşmən tərəfindən durmadan atəşə məruz qalan bölgələrdə, şəhərlərdə bütün xəstəxanalar fəaliyyət götərməkdədir. Bütün xəstəxanalarda həm Bakıdan ezam olunan, həm də könüllü şəkildə xidmət göstərmək üçün gedən həkim və tibb işçiləri, tibb bacıları var. Onlar canla-başla əsgərlərimizin qulluğunda durmağa hazırdırlar.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva söyləyib.
Onun sözlərinə görə, hazırda ən qaynar bölgələrdə TƏBİB-in xüsusi işçi qrupu fəaliyyət göstərir. Xüsusi işçi qrupu hərbi qulluqçulara, əsgərlərə göstərilən tibbi xidmətin keyfiyyətinə, təxliyəsinə xüsusi nəzarət edirlər.
“Belə vəziyyətdə koronavirus xəstələrinin sayının artması tibb işçiləri üçün ikinci cəbhənin açılması deməkdir. Mart ayından başlayaraq çox böyük işlər görülüb. Modul tipli xəstəxanalar açılıb, ölkəyə yetəri qədər avadanlıq gətirilib. Ölkədə yetəri qədər süni tənəffüs cihazları, dərman preparatları, qoruyucu vasitələr var. Sadəcə burada insan ehtiyatı və insan resursundan söhbət gedir. Hər bir tibb işçisi qələbədə pay sahibi olmaq, cəbhə bölgəsində işləmək, hərbçilərə dəstək göstərmək istəyir. Lakin biz heç bir halda COVID-19 xəstələrini diqqətsiz qoya bilmərik. Bütün koronavirus xəstələri lazım olan, ehtiyacı olan tibbi xidməti alacaq. Biz başa düşməliyik ki, COVID-19-la mübarizə də orduya bir dəstəkdir. Bu gün biz kütləvi tədbirlərdən uzaq durmalıyıq, əgər belə tədbirlərdə iştirak etməli olsaq, maska taxmalıyıq, qoruyucu vasitələrdən istifadə etməliyik, məsafəni saxlamalıyıq. Bizim özümüzü qorumamız tibb işçilərinin işinin artmamasına səbəb olacaq. Biz ordumuza və əsgərlərimizə xidmət etməyə hazır olan tibb işçilərinə də dəstək göstərməliyik. Bu da özümüzü qorumaqla mümkündür”, - deyə Y.Qarayeva bildirib.

 

Səhiyyə 2020-10-16 11:49:00

Video