×
A
A
A
Sazlamalar

Səbuhi Həsənov: Ermənistan mülki əhalimizi hədəfə almaqla müharibə cinayəti törədir

Naxçıvan, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin Rusiyanın vasitəçiliyi ilə Moskvada keçirilən görüşündə humanitar atəşkəs barədə razılaşma əldə olunmasına baxmayaraq, erməni tərəfi bu razılaşmanın üstündən bir neçə saat keçməsindən sonra yenidən Azərbaycanın mülki yaşayış məntəqələrinə zərbələr endirməyə başladı. Ermənistanın Azərbaycanın mülki əhalisini və obyektlərini hədəfə alması beynəlxalq hüquqda müharibə cinayəti kimi qiymətləndirilir və bu, mülki əhaliyə qarşı müxtəlif hərəkətlərin məsuliyyətini nəzərdə tutan Cenevrə Konvensiyasının tələblərinin kobud şəkildə pozulmasını çox açıq şəkildə göstərir.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvanda dərc olunan “Şərq qapısı” qəzetinin şöbə müdiri, tədqiqatçı-jurnalist Səbuhi Həsənov deyib.
“Təəssüflər olsun ki, son 30 ildə bu və ya digər beynəlxalq hüquqi sənədlərin müddəaları ermənilər tərəfindən dəfələrlə, həm də kobudcasına pozulsa da, dünya birliyi hələ də bu hadisələrə öz səssizliyini davam etdirir. Hətta nəinki davam etdirir, bəziləri Azərbaycana qarşı əsassız ittihamlar da səsləndirirlər”, – deyən Səbuhi Həsənov vurğulayıb ki, son 200 ilin tarixi təcrübəsinin erməni xislətinin faşizm ideologiyasına əsaslanaraq xəstə, şovinist, psixoloji durumu sıfırdan aşağı olan bir təxəyyülə əsaslandığını göstərir.
Müsahibimiz qeyd edib ki, bugünkü ermənilərin babalarının faşist Almaniyasının kəşfiyyat orqanları ilə əlbir olaraq ruslara qarşı vuruşması və yaxud 1914-1920-ci illərdə türklərə qarşı soyqırımı törətmələri, yəhudilərə qarşı törədilən Xolokostda əllərinin olması yeni məlumatlar deyil. Erməni faşizmi alman faşizmindən daha dəhşətlidir. Alman faşistləri işğal etdikləri ərazilərdə tarixi tikililərə dəymirdilər, qəbiristanlıqlara toxunmurdular, meyitlər üzərində tibbi məqsədlər xaric digər alçaq əməllərə yol vermirdilər. Ancaq ermənilər bunu dəfələrlə ediblər, imkan yaranarsa, bu gün də edərlər. Xocalı hadisələri bunun bariz nümunəsidir.
Uzun illərdir erməni terrorundan əziyyət çəkən Azərbaycanın bu gün haqlı olaraq öz ərazi bütövlüyü uğrunda mübarizə apardığını, ancaq bu mübarizədə bütün hərbi və mülki qanunlara əməl etdiyini vurğulayan tədqiqatçı-jurnalist buna misallar da gətirərək qeyd edib ki, bir neçə gün bundan əvvəl Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ordumuzun ön xətdə olan bölmələrinə broşürlər paylanıb. Həmin broşürlərdə beynəlxalq humanitar hüquqda əksini tapan prinsiplərə görə, döyüşçülərin müharibə zamanı davranış qaydaları göstərilib. Eyni zamanda Azərbaycan tərəfi humanitar dəhlizlərin açılması, beynəlxalq humanitar hüququn norma və prinsiplərinin tətbiq edilməsinə hazır olduğunu bəyan edib və bununla bağlı erməni əhalisinə müraciət edib. Bu müraciət döyüş zamanı həyatını qurtarmaq məqsədilə könüllü qaydada təslim olmaq istəyən düşmənin hərbi qulluqçularına da şamil edilib.
Səbuhi Həsənov deyib: “Bütün bu məsələləri göz önünə gətirdikdə belə bir sual meydana çıxır: görəsən, hansı ölkə erməni terroru ilə illərdir, üz-üzə qalan, torpaqlarını 30 ildir, işğal altında saxlayan, mülki əhalisinə qarşı qadağan olunmuş silahlardan istifadəni hazırda da davam etdirən terrorçu ölkəyə qarşı bu cür humanitar prinsiplərlə yanaşar? Bu baxımdan Ermənistan unutmamalıdır ki, Azərbaycanın müharibəni beynəlxalq hüquq normalarına uyğun aparması ədalət rəmzi, Ermənistana isə ən böyük güzəştdir!”.

Regionlar 2020-10-16 11:42:00