×
A
A
A
Sazlamalar

Oktyabrın 16-sı Dünya Anesteziya Günüdür

Bakı, 16 oktyabr, AZƏRTAC

Hər il oktyabrın 16-da qeyd edilən Ümumdünya Anesteziya Günü anestezioloq-reanimotoloqlar və tibbin bu sahəsinin mütəxəssislərinin peşə bayramı hesab edilir.
AZƏRTAC xəbər verir ki, 1846-cı il oktyabrın 16-da amerikalı diş həkimi Tomas Morton üz hissədən şişi götürmək üçün efir narkozu altında əməliyyat aparıb. Anesteziyaedici kimi o, dietil efirinin inhalyasiyasını tətbiq edib və bu, tibb tarixində ilk dəfə olaraq ümumi narkoz anesteziya ilə əvəz olunub. Ona görə də oktyabrın 16-sı Dünya Anesteziya Günü kimi qəbul edilir.
İnsanların böyük əksəriyyəti ağrıya qarşı həssasdır. Lakin təcili tibbi yardıma, xüsusilə operativ müdaxiləyə ehtiyac yarananda həssaslığın itirilməsi həlledici əhəmiyyət daşıyır və qaçılmaz olur.
Keyitmə vasitələri qədim zamanlardan məlum idi. Məsələn, bir çox hindu tayfaları həssaslığın azaldılması üçün müxtəlif bitkilərin şirəsindən istifadə ediblər. Eramızdan əvvəl I əsrdə yunan filosofu və həkimi Dioskorid imperator Neronun vaxtında Roma ordusu ilə birgə səyahət zamanı mandraqora bitkisindən yuxugətirən və sakitləşdirici dərmanlar hazırlayıb və onun köməyi ilə yaralanmış döyüşçüləri sağaltmaq üçün onların ağrılı nahiyəsinə müdaxilə etməyə imkan verən cərrahi əməliyyatlar aparıb.
Anesteziya - sinirlərin həssaslığının itməsidir. Cərrahi əməliyyatların ağrısızlaşdırılması, dişlərin, zədələrin müalicəsi və tibbin digər sahələrində süni anesteziyadan istifadə edilir.
Cəmiyyət inkişaf etdikcə bu sahə də təkmilləşərək tibbin ayrılmaz hissəsinə çevrilib. Ondan yalnız cərrahi əməliyyatlar zamanı deyil, həm də psixiatriya, narkologiya və digər sahələrdə istifadə olunmağa başlayıb. Müasir tibdə ümumi, yerli və bel anesteziyasından istifadə edilir və bu sahə daim təkmilləşir.

 

 

Səhiyyə 2020-10-16 11:21:00