×
A
A
A
Sazlamalar

Ordubad rayonunda abadlıq və quruculuq işləri aparılır

Ordubad, 16 oktyabr, AZƏRTAC

Ordubad rayon mərkəzinin Heydər Əliyev prospektində, Mirzə Fətəli Axundov, Nəsirəddin Tusi və digər küçələrdə əsaslı şəkildə yenidənqurma və abadlıq işləri aparılır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Heydər Əliyev prospektindəki 3 min metr uzunluğunda olan avtomobil yolu genişləndirilərək asfalt örtük salınıb. Yolun abadlaşdırılması ilə bərabər yol kənarlarındakı piyada yolları, xiyabanlar da əsaslı şəkildə yenidən qurularaq üzərinə kilid daşları döşənib. Bütün bu işlərlə yanaşı, yol kənarındakı istismar müddəti başa çatmış işıq dirəkləri, yeraltı su, kanalizasiya, rabitə və elektrik xətləri yeniləri ilə əvəz olunub. Prospekt boyunca mövcud yaşayış binalarının fasadları da təmir-bərpa edilib. Rayon mərkəzindən Şəhriyar qəsəbəsinə və Kotam kəndinə gedən avtomobil yolu da genişləndirilərək asfalt örtüyü təzələnir.
Rayon mərkəzinə xüsusi yaraşıq verən ünvanlardan biri də yeni yaradılan Bayraq Meydanıdır. Ordubad şəhərinin girəcəyində inşa edilən bu ünvanda tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir.
XVII əsr tarixi-memarlıq abidəsi olan və Ordubad şəhərinə xüsusi yaraşıq verən qədim Cümə məscidi də bərpa edilir. Sahəsi 890 kvadratmetr olan məscidin bünövrəsi və fasad divarları möhkəmləndirilib, üzərinə kərpic üzlük çəkilməsinə başlanılıb.
Ordubad şəhərində 150 ildən artıq tarixə malik Məhəmməd Tağı Sidqi adına Ordubad şəhər 1 nömrəli tam orta məktəbin binası da əsaslı şəkildə yenidən qurulur, binaya yeni korpus əlavə edilir, tikilinin yaxınlığındakı şəhər stadionunda da inşaat işləri həyata keçirilir.
Ordubad şəhərində və Şəhriyar qəsəbəsində kanalizasiya və su xətlərinin çəkilməsi davam etdirilir, Şəhriyar qəsəbəsində isə Sutəmizləyici Qurğular Kompleksinin inşası tamamlanmaq üzrədir.

Regionlar 2020-10-16 10:57:00