×
A
A
A
Sazlamalar

Ağdamda 3 cəbhəyanı kəndin yolu yenidən qurulub VİDEO

Bakı, 16 oktyabr, AZƏRTAC

Cari ildə Ağdam rayonunda 3 cəbhəyanı kəndi birləşdirən yolun əsaslı şəkildə bərpası istiqamətində işlər aparılıb. Bu, IV texniki dərəcəyə uyğun yenidən qurulan və uzunluğu 15 kilometr olan yerli əhəmiyyətli Səfərli-Zəngişalı-Hacılar avtomobil yoludur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihəyə uyğun olaraq, yenidənqurma işləri 150 min kvadratmetr sahədə aparılıb. Tikinti norma və standartlarına uyğun olaraq, yolboyu torpaq işləri görülüb, 12 santimetr hündürlükdə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Bundan başqa, avtomobil yolunun müxtəlif hissələrində yerləşən suötürücü borular istismar üçün yararsız vəziyyətə düşdüyündən, yeni metal və dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri də layihə üzrə həyata keçirilib. Zəruri yerlərdə avtobus dayanacaqları, hərəkətin normal təşkili üçün isə yol nişanları, siqnal dirəkləri və kilometr göstəriciləri quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib.
Ümumilikdə, 6 mindən çox əhalinin yaşadığı 3 cəbhəyanı kəndi əhatə edən yolun yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır.
Qeyd olunub ki, 2018-2020-ci illər ərzində Ağdam rayonu ərazisində cəbhəyanı kəndlər üstünlük təşkil etməklə 50 minə yaxın əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən 51,3 kilometr avtomobil yolu yenidən qurulub və bərpa edilib.

Regionlar 2020-10-16 10:44:00

Video