×
A
A
A
Sazlamalar

Emin Hacıyev: Azərbaycan əsgərinin ən güclü silahı isə Vətən sevgisidir!

Sumqayıt, 15 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Ermənistanın hərbi təxribatlarına layiqli cavab verən ordumuzun uğurlu əks-hücum əməliyyatları nəticəsində daha bir neçə yaşayış məntəqəmizi düşmən tapdağından azad etməsi hər birimizi qürurlandırır.
Bu fikri Sumqayıtdan Milli Məclisə deputat seçilən Emin Hacıyev AZƏRTAC-a müsahibəsində bildirib.
Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ordumuz Füzuli rayonunun Arış, Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz, Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser, Cəbrayıl rayonunun Doşulu kəndlərini də erməni silahlılarından təmizləyərək özünün növbəti zəfər tarixini yazdı. Ermənistanın riyakarlıq edərək danışıqlar masasına oturub, sonra humanitar atəşkəsi pozması və hərbi təxribatlarını davam etdirməsi ona olduqca baha başa gəlir.
Emin Hacıyev, ermənilərin Gəncədə törətdiyi terror hadisəsində, cəbhəyanı ərazilərdə dinc sakinləri qətlə yetirən Ermənistan rəhbərliyini bu vandallığın əvəzini hərb meydanında ödədiyini bildirib. Belə ki, bu gün düşmən rəşadətli ordumuzun qarşısında davam gətirə bilməyərək geri çəkilir.
Ermənistanın işğal altında saxladığı torpaqlarımızda qurduğu istehkamlar darmadağın edilir, ordumuz addım-addım torpaqlarımızı işğaldan azad edir. Bu haqq işimizdə beynəlxalq hüquqa, dövlətimizə və ordumuza söykənirik deyən deputat, cəbhədəki döyüşlərin həm də Ermənistan ordusu barədə illərlə yaradılmış mifi dağıtdığını vurğulayıb. Bəlli olur ki, düşmən ölkənin silahlı qüvvələrinin heç bir gücü, döyüş qabiliyyəti yoxdur.
Əks-hücum əməliyyatları ordumuzun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini düşmənə bir daha əyani surətdə nümayiş etdirir. Ordumuz, eyni zamanda, ən müasir silahları, texnika və texnologiyaları ilə düşməni qorxuya salır. Azərbaycan əsgərinin ən güclü silahı isə Vətən sevgisidir!..
Vətən sevgisindən güc alaraq torpaqlarımızı işğaldan azad edən ordumuz öz missiyasını şərəflə yerinə yetirir. Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunur. Biz əzəli torpaqlarımıza qovuşuruq. Uzun illərdir həsrətlə gözlədiyimiz bu sevinc hissini xalqımıza yaşadan Prezidentimizə və Ordumuza minnətdarıq!
Biz tezliklə qələbə çalacağıq! Qarabağ Azərbaycandır!, - deyə Emin Hacıyev sözlərinə əlavə edib.

Regionlar 2020-10-15 18:24:00