×
A
A
A
Sazlamalar

Qəbələdə 19,5 min hektarda payızlıq dənlilərin səpini proqnozlaşdırılır

Qəbələ, 15 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpininə başlanılıb. Kampaniyanın ilk günlərində rayonun Vəndam qəsəbəsinin, Yenikənd, Dizaxlı, Qaradeyin, Məlikli kəndlərinin ərazilərində 1200 hektarı buğda, 700 hektarı arpa olmaqla 1900 hektar sahəyə toxum səpilib. Cari mövsümdə rayonda növbəti ilin məhsulu üçün 19 min 500 hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.
Sektor müdiri bildirib ki, payızlıq dən bitkilərinin səpini üçün indiyədək 18 min hektardan çox sahədə şum qaldırılıb. Toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən 4 min tondan çox yüksək reproduksiyalı toxum fondu yaradılıb. Hazırda əkin sahələrində 34 ədəd şum traktoru, 12 taxılsəpən aqreqat və digər texnikalar işləyir.
Xatırladaq ki, qəbələli fermerlər builki mövsümdə 19 min 450 hektar taxıl sahəsindən 64 min 670 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 33,2 sentner məhsul götürülüb.

Kənd təsərrüfatı 2020-10-15 18:01:00