×
A
A
A
Sazlamalar

Müharibə veteranı: Dövlətimizin başçısı xalqımızın Dağlıq Qarabağ arzusunu həm diplomatiya, həm də hərbi yolla reallaşdırır

Naxçıvan, 15 oktyabr, AZƏRTAC

Bu gün Azərbaycan güclü siyasi, iqtisadi və hərbi potensiala malikdir. Xalqımızın, Silahlı Qüvvələrimizdə xidmət edən zabit və əsgərlərimizin əhval-ruhiyyəsi, vətənpərvərlik hissləri çox yüksəkdir. Çıxışlarında “Qarabağ Azərbaycandır!” deyən Prezidentimiz, Ali Baş Komandanı İlham Əliyev xalqımızın ən böyük arzusunu – Dağlıq Qarabağa qovuşmaq arzusunu həm diplomatiya, həm də hərbi yolla reallaşdırır. Bu məsələdə yaranan dövlət-ordu-xalq birliyi ilə Azərbaycan dünyaya nümunə olur.
AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu fikirləri müharibə veteranı, Naxçıvan Dövlət Universitetinin müəllimi, dosent Rəsul Bağırov deyib. O vurğulayıb ki, bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir və torpaqlarımızı mənfur düşməndən azad edir.
“Qeyd etdiyim kimi, bu gün xalqımızın hər bir vətəndaşında vətənpərvərlik ruhu çox yüksək səviyyədədir. Vətənpərvərlik ilk növbədə insanın vətəndaş olduğu ölkəyə sevgisi, sədaqəti və onun yolunda öz canını fəda etməyə hazır olması kimi səciyyələndirilir. Bu gün mən bir müharibə veteranı kimi, bir müəllim kimi qürur duyuram ki, gənclərimiz arasında, dərs dediyim tələbələr arasında Vətənə məhəbbət hissi çox güclüdür. Qürur duyuram ki, bu gün ölkəmizin, o cümlədən muxtar respublikamızın gəncləri Vətən uğrunda canlarını fəda etməyə hazırdırlar”, - deyən Rəsul Bağırov vurğulayıb ki, bu vətənpərvərlik hissləri bizi anbaan Böyük Qələbəyə səsləyir. Biz inanırıq ki, bayrağımız işğal edilmiş bütün torpaqlarımızda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Bu inamımızı daha da möhkəmləndirən Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və güclü, yenilməz Azərbaycan Ordusuna eşq olsun! Prezidentimiz çox gözəl deyib: “Ermənistana axırıncı şans veririk, axırıncı şans! Heç kimə ümid bağlamasın. Heç kim onlara kömək etməyəcək. Bizim qabağımızda Ermənistan acizdir. Bizim qabağımızda Ermənistan diz çöküb. Bizim şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb... Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”.

Regionlar 2020-10-15 16:16:00