×
A
A
A
Sazlamalar

Bakı Slavyan Universitetində tələbələrin onlayn formada qeydiyyatı yekunlaşıb

Bakı, 15 oktyabr, AZƏRTAC 

Bakı Slavyan Universitetində (BSU) tələbələrin onlayn formada qeydiyyatı başa çatıb.
BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2020-2021-ci tədris ilində BSU-ya ali təhsilin bakalavriat səviyyəsinə 26 ixtisas üzrə 950 nəfər qəbul olunub. Universitetin rektoru, professor Nurlana Əliyevanın müvafiq əmri ilə qeydiyyatın onlayn formada təşkil edilməsi məqsədilə rektorun sədri olduğu və tərkibinə bu ali təhsil müəssisəsinin müvafiq strukturlarının əməkdaşlarının daxil edildiyi 11 nəfərdən ibarət Sənəd Qəbulu Komissiyası yaradılıb. Komissiyanın məsul katibi Tələbə və məzunlarla iş şöbəsinin müdiri, dosent Nəsib Cəbrayılovdur.
Sənəd Qəbulu Komissiyasının qarşısında universitetə qəbul olunan tələbələrin sənədlərinin qeydiyyatı prosesində qarşıya çıxan məsələlərin mövcud qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla çevik şəkildə həllinin təmin edilməsi vəzifəsi qoyulub. Komissiya universitetin I tədris binasında Heydər Əliyev Tədris Mərkəzində şənbə və bazar günləri istisna olmaqla, hər gün saat 9:00-dan 17:00-dək fəaliyyət göstərib. Ümumilikdə Sənəd Qəbulu Komissiyası üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib.

Elm və təhsil 2020-10-15 10:32:00