×
A
A
A
Sazlamalar

Həkim-infeksionist: Xalqımızı koronavirusla mübarizədə də həmrəylik nümayiş etdirməyə səsləyirəm

Bakı, 15 oktyabr, AZƏRTAC 

Hazırda işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusu tarix yazır. Qazanılan zəfərlər, ön cəbhədən gələn xoş xəbərlər, ordumuzun hər qarış torpaq uğrunda göstərdiyi qəhrəmanlıq hər bir azərbaycanlını sevindirir. Eyni zamanda cəbhə bölgəsində baş verən hadisələr vətəndaşlara COVID-19 pandemiyasının bitmədiyini demək olar ki, unutdurub. Belə ki, vətəndaşlar yay aylarında mütəxəssislərin tövsiyələrinə riayət edirdilərsə, indi qaydalara əməl olunması bir növ arxa plana keçib. Həmçinin ara-sıra qeydə alınan 100-dən aşağı yoluxma sayları da vətəndaşlar arasında arxayınlıq yaradıb. Arxayınlıq xüsusi karantin rejiminin tələblərinə riayət olunması dərəcəsinin azalmasına, sıx toplaşma hallarının artımına səbəb olub. Bunun da mənfi nəticəsi son zaman yüksələn rəqəmlərdə özünü açıq-aydın göstərir.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
O, həmçinin deyib: “Havaların soyuması ilə əlaqədar kütləvi toplanma hallarının artımı, vətəndaşların xüsusilə qapalı yerlərdə sıx toplanması, ictimai nəqliyyatdan daha çox istifadə etməsi müşahidə olunur. Sentyabrın 15-dən etibarən məktəblərin açılması təmasların sayını artırıb ki, bu da koronavirusa yoluxma riskini artırır. Payız-qış mövsümündə respirator xəstəliklərin aktivləşmə dövrünü nəzərə alsaq, vətəndaşlar qaydalara etinasız yanaşmağa davam edərlərsə, yenidən yüksək yoluxma hallarının qeydə alınması və gərgin dövrlərin müşahidə olunması qaçılmazdır. Ona görə də bir daha vətəndaşları əvvəlki kimi məsuliyyətli davranış sərgiləməyə çağırıram”.
Həkim-infeksionist bildirib ki, sıravi vətəndaşlar tez-tez cəbhə zonasına yollanır, hərbçilərimizə dəstək göstərirlər: “Qaydalara əməl etməyən şəxslərin əsgərlərlə təmasda olması hərbi qulluqçularımızın sağlamlığı, ümumilikdə isə ordumuz üçün təhlükə törədir. Hazırkı çətin dövrdə ön cəbhədə Qarabağ uğrunda gedən döyüşlər naminə birləşən xalqımızı koronavirusla mübarizədə də həmrəylik nümayiş etdirməyə səsləyirəm. Çünki düşmən fərqli olsa da, amalımız birdir: yalnız qələbə!”.

Səhiyyə 2020-10-15 10:26:00