×
A
A
A
Sazlamalar

Fransada koronavirusa görə fövqəladə vəziyyət yenidən bərpa olunacaq

Paris, 15 oktyabr, AZƏRTAC

Fransada COVID-19 epidemiyası yenidən tüğyan edir. Oktyabrın 17-dən ölkədə fövqəladə sanitar vəziyyət yenidən bərpa olunur. İl-dö-Frans (Paris və onun ətrafında), eləcə də digər şəhər və metropollarda axşam 21:00-dan səhər 06:00-a kimi komendant saatı tətbiq olunacaq. Komendant saatı ən azı 4 həftə davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransa Prezidenti televiziya vasitəsi ilə vətəndaşları məlumatlandırıb və hətta komendant saatı rejiminin 10 həftə davam etməsinin mümkünlüyünü də səsləndirib.
Fransada COVID-19-un göstəricilərinin daha da ciddiləşdiyi qeyd edilib.
Dövlət Səhiyyə İdarəsinin rəqəmlərinə əsasən, son sutka ərzində epidemiyadan ölənlərin sayı 104 nəfərə çatıb. Reanimasiya şöbələrində vəziyyət kritik olaraq qalır. Son 24 saatda reanimasiya şöbələrinə 226 ağır vəziyyətdə yeni koronavirus xəstəsi qəbul olunub.
Xatırladaq ki, epidemiya başlayandan ölkədə 33 min 37 ölüm faktı qeydə alınıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Dünya 2020-10-15 03:17:00